"Rusiyanın dövlət strukturlarına sıx bağlı, davamlı olaraq insayder informasiyasıyla təmin edilən “Kommersant” qəzetinin Andrey Kolesnikov adlı tanınmış bir şərhçisi var. Andrey neçə illərdir Kreml pulundadır və orada təmsil olunanlar arasında yeganə jurnalistdir ki, Vladimir Putinin keçirdiyi görüşləri, qatıldığı tədbirləri guya rəsmilikdən uzaq sərbəstcəsinə, məzəli tonlarla təqdim edir. “Guya” sözünü ona görə deyirəm ki, onun bu sərbəstliyi belə demək mümkünsə, idarəolunan, manipulyativ plüralizmidir və o layihə Kolesnikovun timsalında sınaqdan keçirildikdən sonra Rusiya televiziyalarındakı siyasi tok-şoularda fərqli şəkildə reallaşdırılmağa başlandı".
Yenisabah.az xəbər verir ki, bu fikirləri deputat Sahib Alıyev Prezident İlham Əliyevin MDB ölkələri liderlərinin videokonfrans formatında keçirilən dünənki Zirvəsi ilə bağlı açıqlamasında deyib.
"Sözüm ondadır ki, bu Andrey Kolesnikov MDB ölkələri liderlərinin videokonfrans formatında keçirilən dünənki Zirvəsindən yazdığı reportajı Azərbaycan Prezidentinin “benefis”i, yəni onun qələbəsinə həsr olunmuş tamaşa kimi təqdim edir. Edir və dövlət başçımızın çıxışından xeyli sitatlar gətirməklə peşəkar jurnalist olaraq bunları da yazmaya bilmir: “İlham Əliyev rahat və inamlı danışırdı, bir dənə artıq söz işlətmədi, çatdırılma formasi dəqiq idi və tərəddüdsüzdü, erməni tanklarına zərbə endirən Azərbaycanın PUA-ları kimi dəqiq hədəfə vururdu” Marqarita pizza
Döğrudan da, dünənki çıxışında cənab Prezident hər bir cümləsilə hədəfə vururdu ki, o hədəf də təkcə təslim etdiyimiz Ermənistan və onun rəhbərliyi deyildi. Azərbaycanın lideri Qarabağ və işğal altındakı digər torpaqlarımızla yanaşı indi Ermənistan adlanan yurd yerimizdə də azərbaycanlılara qarşı etnik təmizlənmə aparıldığını vurğulayanda iki xalq arasındakı qarşıdurmanın ssenarisini SSRİ DTK-nın cızdıdğı Sumqayıt olaylarından deyil, ondan xeyli əvvəl başladığını diqqətə çatdırıdı. Çatdırırdı ki, o özü də bildirdiyi kimi “münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya”larla üzləşmişik ki, o qəbildən olan informasiyaları MDB ölkələri içərisində daha çox hansının mediasının yaydığı kimsəyə sirr deyil. Və orası da sirr deyil ki, MDB-yə üzv olan bəzi ölkələrin liderləri indinin özündə belə bitmiş Dağlıq Qarabağ münaqişəsindən danışarkən onun Sumqayıtdakı olaylardan alovlandığını deyərək tarixi təhrif edirlər", - deyə deputat qeyd edib.
Sahib Alıyev Prezidetin çıxışında Sarkisyan-Koçaryan ikilisinin yaratdığı ordunu məhv etdiyimizi xüsusi vurğulamasından danışıb:
"Cənab Prezident bu cümləni də məhz dünənki Zirvə görüşündə işlətməliydi ki, işlətdi də: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü”.
Və sərgilənən hərbi qənimətlərdən də görünüdüyü kimi 80 faizi dağıdılımış Ermənistan ordusunun da Paşinyanın yox, ondan əvvəl işğalçı ölkəyə rəhbərlik etmiş hərbi xuntaçılar Köçəryanla Sərkisyanın yaratdıqlarını vurğulamalı, ardınca da bunları nəzərə çatdırmalıydı ki, çatdırdı da!: “Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb...”.
Cənab İlham Əliyevi dinləyənlərin hamısı Köçəryanla Sərkisyanın əllərinin azərbaycanlıların qanına batdığını bilirdilər, bilirdilər, amma görməzdən gəlir, bəziləri hətta bu hərbi cinayətkarları dost da adlandırırdılar. MDB çərçivəsində irəli sürülən ayrı-ayrı inteqrasiya modellərinin uğurlu alınmamasının səbəblərindən biri də elə bundan- işğalşı Ermənistanın, onun başında duran hərbi cinayətkarların beynəlxalq normalara və qonşuluğa heç cür sığmayan hərəkətlərini görməzdən gəlməkdən qaynaqlanmırdımı?!".
Deputat bildirib ki, İlham Əliyev çıxışında Türkiyənin münaqişənin həllində xüsusi rolunu bir daha ön plana çıxardıb:
"Azərbaycanın Ali Baş Komandanının Rusiya Federasiyasının sülhməramlı missiyasının uğurla reallaşdırıldığından söz açdığı zaman “Onu da qeyd etmək istərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək” cümləsini işlətməsi də Kolesnokovun yazdığı o, PUA dəqiqliyi ilə hədəfə vurmalardan idi.
O qəbildən olan fikirlədən biri də dövlət başçımızın Qarabağın gələcəyi, orada başladılacaq və artıq başladılmış quruculuqla bağlı söylədikləri idi: “Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.
Vətən savaşı ordumuzun işğalçının hərbi birləşmələrindən təkcə üstünlüyünü üzə çıxarmadı, həm də əsl dost və düşmənlərimizin kim olduğunu da açıq-aydın göstərdi. O dostların birinci cərgəsində və birinci yerdə Türkiyə dururdu. Bizə dəstəyini əsirgəməyən, axıra kimi yanımızda olacağını bildirən Türkiyə!
Birinci kontraktın məhz Türkiyə ilə bağlanması cənab Ərdoğanın Azərbaycan ordusunun qələbəsi haqda dediklərini interpretasiya edərək bildirək ki, qardaş ölkəyə ana südü kimi halaldır. Savaş dönəmində Avropa dövlətləri arasında İtaliyanın, özəlliklə də onun qanunvericilik orqanı təmsiçilərinin baş verənlər haqda açıqlamaları beynəlxalq hüquqa tam uyğun gəlməklə yanaşı, Azərbaycana yanaşmada da dostcasına xarakter daşıyırdı ki, şirkətləri də bunun faydasını görəcəklər".
"Elə hallar olur ki, bəzən açıq maneçilik törətməmək və yaxud da kimdənsə, nədənsə çəkindiyin üçün, ya da hansısa səbəbdənsə dəstək sərgiləməmək, ən azından rəqibinin yanında yer almamaq da dostluq sayılır. MDB ölkələri arasında belə dostlar vardı və cənab Prezident o qəbildən olan dostların onun sözləri ilə desək, Qarabağın dünyanın ən inkişaf etmiş yerlərindən birinə çevirilməsi üçün gərəkən işləri reallaşadıracaq potensiala sahib şirkətlərinə də yaşıl işıq yandırla biləcəyini diqqətə çatdırdı.
Yəqin soydaşlarımızın əksəriyyəti sözü gedən tədbirdə öz liderlərinin Rusiyanın dövlət başçısı Vladimir Putin haqda söylədiyi bu fikirləri bölüşməmiş deyillər: “Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan revanşçı qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır.
...Bunun, ilk növbədə, Ermənistan tərəfi üçün nə qədər məhvedici ola biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin birində qeyd edib. Ondan soruşublar ki, Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu, həqiqətən belədir. Buna görə mən Vladimir Vladimiroviçə münaqişənin həllində bu cür fəal iştirakına və böyük töhfəsinə görə bir daha təşəkkür etmək istərdim. Mən Vladimir Vladimiroviç Putinlə tam razıyam ki, Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir. Hesab edirəm ki, regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq”", - deyə depuat Prezidentin çıxışından bir hissəni diqqətə çatdırıb.
Sahib Alıyev Kolesnikovun Prezident İlham Əliyev haqda işlətdiyi iki fikirə xüsusi nəzər salmaq lazım olduğunu bildirib:
"Sonda haqqında söz açdığım Kolesnikovun dövlət başçımız haqda işlətdiyi iki fikirə də toxunmaq istəyirəm. Birincisində o, Azərbaycan Prezidentinin nitqinə koronavirusla mübarizəilə başlayıb Vətən Savaşıyla qurtarmasını belə şərh edir: “ Görünür, burada ideya ondan ibarət idi ki, Azərbaycan koronavirusa da Ermənistan üzərində olduğu kimi qalib gələcək”. Bəli, qalib gələcəyik və eyni zamanda Ermənistanın virusa bənzədilməsi də doğrudur, çox təəssüf ki, bu ölkə indiyə kimi regionda məhz geosiyasi virus funksiyası yerinə yetirib.
“Kommersant”ın Kreml puluna daxil olan şərhçisi Prezidentimizi “ Qarşımızda Azərbaycan xalqının ola bilsin ki, bu xalqın tarixində hələ indiyədək görünməmiş lideri dururdu” cümləsilə təqdim edir.
Burada öncə Rusiya Prezidenti cənab Putinin Ulu Öndər Heydər Əliyev haqda dediyi “Mən ondan öyrənirdim” sözlərini və xalqımızın tarixində Rusiya dövlət kimi yetərincə təşəkkül tapmamışdan öncəni demirəm, sonra mövcud olan Nadir şahı xatırladardım. Və ardınca da Nyutonun Kopernik haqda dediklərini yada salardım.
Bəli, cənab İlham Əliyev xalqımızın tarixində, elcə də 21-ci əsrdə bütün dünyadakı ən güclü liderlərdən biridir. Və ondakı bu güçün kökündə soyu, geni, bir də aldığı dərs, Ulu Öndərdən aldığı dərs durur.
Mənə elə gəlir ki, bizim təsəvvür etdiyimizdən çox-çox uzaqları görən Heydər Əliyev “Gün gələcək Azərbaycan bir günəş kimi parlayacaq” deyəndə təkcə dövlətimizi yox, həm də özündən sonra bu dövlətə rəhbərlik edəcək lideri nəzərdə tuturdu. Tutmasaydı, bunları söyləməzdi:“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək!".
Telegram kanalımız