“Əgər erməni tərəfi anklav kəndlərə yaxın yerləşən yaşayış məntəqələrini boşaldırsa, deməli, işğalda saxladığı kəndləri Azərbaycana verməyə hazırdır. Yəni ortada belə bir fakt varsa, onda əməliyyata nə ehtiyac var?”
Bu sözləri Yenisabah.az-la söhbətində Siyasi Menecment İnstitutunun (SMİ) rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.
O, Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyanın anklav kəndlərə yaxın yaşayış məntəqələrinin boşaldılması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. Dördpendirli pizza
Xatırladaq ki, erməni parlamentari Azərbaycanın həmin kəndləri geri qaytarmaq üçün əməliyyatlara başlayacağını istisna etməyib. Məhz buna görə də o, anklav kəndlərə yaxın olan ərazilərdə yaşayan ermənilərin bölgəni tərk etdiyini dilə gətirib.
SMİ rəhbərinin fikrincə isə, erməni parlamentariləri həmin kəndləri strateji əhəmiyyətli ərazi sayırlar:
“Amma mən hesab etmirəm ki, orada strateji əhəmiyyətli nə isə olsun. İndi daxildə xalqa nəyisə demək lazımdır ki, onu da deyirlər. Ola bilsin ki, ermənilərin bölgədəki təpəciklərdə yerləşən mövqeləri mövcuddur, lakin hərbi nöqteyi-nəzərdən strateji bir məsələ ortada yoxdur. Ermənistan üçün düzgün olardı ki, öz ordusunu o səviyyəyə gətirsin ki, heç kəs onlarla müharibə aparmasın. Mən onlara təklif vermirəm, lakin “strateji” sözünün hərbi nəzərdən Ermənistan üçün anlamı bu olardı. Yəni nə onlar, nə də bizim üçün həmin ərazilərin strateji bir əhəmiyyəti yoxdur”.
Siyasətçi onu da xatırladıb ki, əgər bölgədə hər hansı bir əməliyyat olsa, bu, Ermənistan ərazisinə hücum və aqressiya kimi qəbul olunacaq:
“Hətta bundan sonra Azərbaycana qarşı sanksiyaların tətbiqi istisna edilmir. Məncə, Azərbaycan hakimiyyəti bunu bilir və ABŞ-la münasibətlərin gərgin olmasının səbəbi də məhz budur. Ona görə də 1-2 kənd üçün ölkənin bütün gələcəyini risk altına atmaq olmaz. Sadəcə, danışıqlar aparıb Ermənistanla anlaşmaq lazımdır ki, sülh sazişi imzalansın. Sülh sazişi, sadəcə, İrəvana yox, bizə də lazımdır. Hətta sülh sazişi hansısa 3-4 kənddən daha vacib, daha önəmli və daha stratejidir. Bu məsələləri torpaq kontekstində düşünmək yanlışdır ki, nəticədə ölkəmiz daha böyük problemlərlə üzləşə bilər”.
“Həmin kəndlərin boşaldılması məsələsinə gəldikdə isə ola bilsin ki, danışıqlarda hansısa bir məxrəcə varıblar və bir razılıq var. Mən 100% faiz bunu deyə bilmərəm, amma ehtimal edirəm. Məntiqlə düşünəndə ən ideal fikri budur. Yaxud ermənilər düşünə bilər ki, Azərbaycan həmin əraziləri nəzarətə götürəcək. Bunların hamısı ehtimallar kateqoriyasında olan məsələlərdir. Məncə, tərəflər bu məsələ ilə bağlı razılığa gəliblər”, – müsahibimiz fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız