Qazi atanın şəhid oğlu - Yaralandığını komandirindən gizlətmişdi

saytların hazırlanması

Evə çatdırılma

Qazi atanın şəhid oğlu - Yaralandığını komandirindən gizlətmişdi

Sosial

29 İyun 2024 13:21 539


Şəhidlik ən uca zirvədir. Bu zirvəyə yüksəlmək hər insana nəsib olmur. Yalnız seçilən insanlar bu zirvəyə qalxa bilir. 

Onlar zirvədəkilərdir. Onlar cənnətin qapısını aralayıb içəri keçənlərdir. Allah qatında onların yeri ən ucadır...

Onlar Azərbaycan xalqının öz igid bətnindən doğurduğu qəhrəmnlardır. Onlar and yerimizdir. Onların uyuduğu məkan müqəddəs ziyarətgahımızdır. pizza

Onların yeri bizim qəlbimizdədir. Azərbaycan xalqı var olduqca onlar da yaşayacaq. Nə olsun ki, ömürləri yarıda qırıldı, çoxu bu dünyadan nakam köçdü. Dünya var olduqca onlar da yaşayacaq.

Gənc yaşda şəhidlik zirvəsinə ucalan və ölümsüzlük qazanan igidlərimizdən biri də Zöhrab Allahverdiyevdir. 

Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007-2018-ci illərdə M.K.Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Zöhrab Allahverdiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. 

Şəhidin atası Allahverdiyev Sübhan Birinci Qarabağ müharibəsi iştrakçısıdır. O, Ağdərə istiqamətində 4 il döyüşüb. Sübhan Allahverdiyev bir neçə il əvvəl "525-ci qəzet"də dərc olunan müsahibəsində belə deyib: 

"Bir qızım, bir oğlum vardı. Çox zəhmətkeş uşaq idi. Əmiləri ilə birlikdə usta işləyirdi. Tikinti işlərilə məşğul idi. Hələ uşaq vaxtından bayrağı çox sevirdi. Bir dəfə uşaq vaxtı bayraq gətirmişdi ki, ata, bayrağı yerə atıblar. Həmişə mənə söyləyirdi ki, ata, siz geri qaytara bilmədiyiniz torpaqları düşməndən biz geri alacağıq. Ən böyük arzusu idi. Tez-tez Şəhidlər xiyabanına gedib şəhidləri ziyarət edərdi. Ən böyük arzusu idi ki, hərbi akademiyaya daxil olsun. Gedib bütün mandatlardan keçmişdi. Çox yaxşı oxuyurdu. Futbol, həndbol, futbol klublarnın üzvü idi. Boş vaxtı olan kimi gedirdi idman zalına, cüdo ilə məşğul idi. Bütün yay boyu işləyirdi. Bu evimizi 1 ilin içində fəhləliklə tikmişik. Ömür boyu kasıb adam olmuşuq. Varın dövlətin dalınca düşən adam olmamışam.

2020-ci il oktyabrın 7-də telefonla hərbi hissdən zəng etmişdilər. Dedilər ki, uşaq yaralanıb. Mən də oradakı tanışlardan maraqlandım ki, yüngül yaradır. İkinci dəfə 9 oktyabrda boynundan yaralanmışdı. Yaralandıqdan sonra boynunu sarıyıb ki, komandiri bilməsin, döyüşdən kənarda qalmasın. Oktyabrdan 9-dan 10-a keçən gecə 17 nəfər döyüşürmüşlər. Bütün tağım komandirləri, 4 əsgər, leytenant, baş leytenat Suqovuşandan Ağdərəyə gedən istiqamətdə şəhid olublar. Şəhidlik xəbəri 10 oktyabrda gəlmişdi. Lakin oğlumun nəşini oktyabrın 17-də torpağa tapşırdıq". 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!