Azərbaycan cəmiyyəti bir qəzaya görə çıxarılan hökmlə çalxalanır.
Təkcə sıravi vətəndaşların deyil, tanınmış simiların belə dilindən “Arzum9999” düşmür.
Zaman-zaman yol qəzaları və onların sağ qalmış, təqsirkar şəxsləriə dair müzakirələr həyatımızda silinməz izlər buraxıb. Çünki bəziləri törətdikləri qəzalara görə məhkəmə qarşısına çıxarılsa da, ölüm halı olduğu halda yüngül cəzalar alıb. pizza hut
Son illərdə neçə-neçə şəxs, o cümlədən siyasətçi övladları, idmançı, aparıcı, müğənni və s. “qaymaqlar” yol qəzalarına görə ictimai diqqət mərkəzində olub.
“Yeni Sabah” onların siyahısını təqdim edir:
Keçmiş Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci ildə Bakının Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə ağır yol qəzası törədib.
Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralananlardan ikisi Türkiyə vətəndaşı olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Nail Allahverdiyev 5 il azadlıqdan məhrum edilsə də, 2019-cu ildə, təxminən 2 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
2024-cü ildə aparıcı Aytən Səfərova paytaxtın 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qəza törədib. Onun idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai IX35” markalı avtomobil toqquşub. Nəticədə Ayxan Əliyev adlı gənc həyatını itirib.
Aparıcının adı təqsirkar kimi hallansa da, istintaq məsuliyyəti başqa bir şəxsin olduğunu müəyyən edib.
Vəkil Fərhad Mehdiyevin qızı 17 yaşlı Zəhra Mehdiyeva ötən ay yol qəzasında dünyasını dəyişib. Onun idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma hələ də davam edir.
Keçmiş ANS telekanalının aparıcısı Nigar Mahmudova Dərnəgül yolunda zəncirvari qəzaya səbəb olub. 2015-ci ildə idarə etdiyi “KIA” markalı avtomobillə ara məsafəsini düzgün seçmədiyi üçün qarşıdakı avtomobilə çırpılıb, nəticədə daha iki avtomobilə ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
2019-cu ildə aparıcı Könül Muxtarova idarə etdiyi “Nissan Micra” markalı avtomobillə əvvəlcə digər maşına, daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəysə də, aparıcı ağır xəsarət almayıb.
* Əli Həsənov nəvəsi Nail Allahverdiyev törətdiyi qəza haqqında demişdi: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
“Faytonçu Nazim” kimi tanınan Nazim Pişyari Bakının Salamzadə küçəsində idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb, lakin qarşı tərəfin avtomobilinə ciddi ziyan dəyib. Müğənni hadisə yerini tərk edib, daha sonra fakt üzrə barəsində protokol tərtib olunub.
“Soy prodakş”ının sahibi Oqtay Əliyev 2023-cü ildə Abşeron rayonu ərazisində idarə etdiyi “Lexus LX570” markalı avtomobilin aşması nəticəsində həyatını itirib.
Qəza zamanı avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
İstintaqın gəldiyi nəticə ictimaiyyətə açıqlanmayıb.
Bu ilin mart ayında Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada yük avtomobili minik maşınına çırpılıb. Nəticədə müğənni Kamil Sərməsov hadisə yerində həyatını itirib.
Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə Bakı-Qazax yolunun 60-cı kilometrliyində baş verən ağır yol qəzasında vəfat edib. Onun idarə etdiyi “BMW” markalı avtomobil başqa nəqliyyat vasitəsinə çırpılıb.
“Neftçi” klubunun futbolçusu Araz Abdullayev 2013-cü il martın 28-də Nobel prospektində idarə etdiyi avtomobillə yol təmizləyən 2 qadını vurub.
Qadınlardan biri hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Reper Hüseyn Dərya Bakının Xəzər rayonu ərazisində baş verən yol qəzasında həyatını itirib. Onun idarə etdiyi “Opel Astra” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəhayət, “Eurovision-2011” qalibi Nigar Camal Bakıda “28 May” metrostansiyası yaxınlığında idarə etdiyi avtomobillə “Toyota Prius”a çırpılıb. Hadisədən sonra onun qəza yerini tərk etdiyi bildirilmişdi.
Aydan Hacı
Telegram kanalımız