Ənənəvi olaraq, məktəblərdə 3 aylıq yay tətili başlayıb. Dünyanın bir çox ölkələrində ilin bu dövründə məktəblilər üçün yay tətilinin səmərəli keçirilməsi üçün yay düşərgələri təşkil olunur.
Belə düşərgələrdə şagirdlər əylənməklə yanaşı, asudə vaxtlarını bir sıra vərdişlərlə keçirirlər. İnkişaf etmiş ölkələrin bir çoxunda məktəblilər üçün yay düşərgələrinin təşkil edilməsi dövlətin önəm verdiyi, olduqca ciddi hesab edilən sosial layihələrdən biridir. Yay düşərgələri eyni zamanda şagirdlərin 3 aylıq zaman zərfində təhsildən uzaq qalmamaları və yeni tədris mövsümünə daha tez adaptasiya olmaları baxımından xeyli faydalıdır.
Müasir dövrdə texnologiya və sosial münasibətlərin sürətlə dəyişməsi fonunda, azyaşlıların, xüsusən, məktəblilərin zərərli vərdişlərdən qorunması istiqamətində də yay düşərgələrinin önəmi böyükdür. Yay məktəblərində həmçinin şagirdlər ölkənin digər şəhər və rayonlarından gələn həmyaşıdları ilə tanış olur, onlarla tanışlıq və ünsiyyət qururlar. Dördpendirli pizza
Bütün bu sadalanan nüansları nəzərə alsaq, yay düşərgələrinin uşaqların sosial və psixoloji inkişafında əhəmiyyəti olduqca böyükdür. Bəs görəsən yay düşərgələri hansı qaydada və necə təşkil olunmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan uşaq psixoloqu Zeynəb Əyyubova bildirib ki, hazırda ciddi problemlərdən biri uşaqların sosiallaşması ilə bağlıdır və yay düşərgələri bunun üçün olduqda faydalıdır:

“Əvvəla onu deyə bilərəm ki, bu gün Azərbaycan valideyninin ən mühüm dərdi, problemi uşağı telefondan, planşetdən, televizordan uzaq tutmaqdır. Təəssüf ki, hazırkı dövrdə uşaqlar sosiallaşmır və telefonun əhatəsində qalır. Hətta ana telefonunu uşağa verib evdən istədiyi yerə rahat gedə bilir və dayəyə ehtiyac duymur.
Bu düşərgələrin ən birinci faydası odur ki, uşaqlara telefon verilmir. Belə olduqda isə uşaq sosiallaşmalı olur. İnsanlar bir-birindən o qədər uzaq düşüb ki, artıq telefonsuz bir məkan valideynlərə çox sərf edir və uşaqların sosiallaşmasına xidmət edir.
Sadəcə burada bir məsələ var ki, bütün ailələr uşaqlarını bu düşərgələrə göndərə bilirmi? Mən bir psixoloq kimi təklif edərdim ki, hər büdcəyə uyğun düşərgələr təşkil olunsun. Uşaqların səmərəli vaxt keçirməsi üçün yay düşərgələri çox əla seçimdir. Bildiyim qədəri ilə belə düşərgələrdə hər şey oyun və əyləncə tipli keçirilir. Burada ənənəvi məktəb dərsləri keçirilmir. Ona görə də, uşaqlara daha maraqlı olur”.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov yay düşərgələrinin müxtəlif formalarda təşkilindən bəhs edib. Ekspert qeyd edib ki, belə düşərgələrdə iştirak edən şagirdlər növbəti tədris mövsümünə olduqca hazırlıqlı başlayır:

“34 həftəlik tədris müddəti ərzində şagirdlər müxtəlif siniflərdə 9-11 sayda dərs alırlar və kifayət qədər enerji itirirlər. Geridə qalan 3 ay ərzində onlar mütləq şəkildə itirdikləri enerjini bərpa etməyə ehtiyac duyur.
Həmçinin öyrəndiklərini təkrarlamağa və ya öyrənə bilmədiklərini yenidən öyrənmək kimi imkana malik olmalıdırlar. Beynəlxalq təhsil tədqiqatları göstərir ki, mütləq şəkildə şagirdlərin yay aylarında hər hansısa dağda, meşədə və ya dənizdə valideynləri ilə kabab-qarpız yeməyindənsə, müxtəlif həmyaşıdları ilə birlikdə, qruplar halında düşərgələrdə olması daha effektivdir.
Çünki şagirdlərin məktəb yaşı onların öyrənmə yaşına uyğundur və mütləq şəkildə orta məktəblərdə oxuyan şagirdlər öz yaşıdları ilə kommunikasiya qurmaq, eyni zamanda əldə etdikləri bilikləri paylaşmaq imkanına malik olmalıdır. Yay düşərgələrində şagirdlər oynayaraq, əylənərək öyrənirlər. Bu çox yaxşı bir haldır. Tədqiqatlar göstərir ki, belə düşərgələr onların sosiallaşmasına da ciddi mənada təsir göstərir. Düşünürəm ki, şagirdlərin minimum 21 gün ərzində təşkil olunmuş yay düşərgələrində qalması, onların psixoloji və şəxsiyyət kimi formalaşmasına kömək edəcək.
Azərbaycanda yay düşərgələrinin daha geniş şəkildə təşkil olunması üçün yetərincə potensial var. Eyni zamanda yay düşərgələrinin təşkil olunmasına ali təhsil müəssisələrində oxuyan tələbələrin də cəlb olunması olduqca faydalı olar”.
Nazim Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız