“Ermənistanda seçkiqabağı kampaniya artıq start götürüb. Parlament seçkilərində iştirak üçün 19 siyasi partiya və siyasi blok qeydiyyatdan keçib. Lakin əsas siyasi mübarizənin Baş nazir Nikol Paşinyan və üç əsas müxalif siyasi qüvvə arasında gedəcəyi gözlənilir”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru (CQTM) Fərhad Məmmədov “Yeni Sabah”a bildirib ki, əsas diqqət parlamentə düşmək üçün tələb olunan 4 və 8 faizlik seçki baryerini keçə biləcək siyasi qüvvələrə yönəlib.
O əlavə edib ki, mayın 8-də Ermənistanda başlamış təbliğat dövründə Qarabağ məsələsi ilə bağlı Baş nazir Paşinyanın mövqeyi kifayət qədər açıqdır: Dominos pizza
“O bildirir ki, Qarabağ mövzusu artıq bağlanıb. Azərbaycanla razılaşdırılmış sülh gündəliyi mövcuddur və Ermənistan bu istiqamətdə siyasətini davam etdirəcək. Müxalifət partiyaları ilin əvvəlində Azərbaycanla münasibətlərə dair daha sərt mövqe nümayiş etdirirdilər və sülh gündəliyi çərçivəsində qəbul olunmuş sənədlərə yenidən baxılmasını tələb edirdilər. Lakin hazırda onların ritorikasında dəyişiklik müşahidə olunur. Onlar artıq bildirirlər ki, Paşinyanın 2018-ci ildə hakimiyyətə gələndən sonra etdiyi səhvi təkrarlamayacaqlar. Həmin dövrdə əvvəlki hakimiyyətin qəbul etdiyi sənədlər və razılaşmalar faktiki olaraq sıfırlanmışdı. İndi isə müxalifət deyir ki, imzalanmış sənədlər qüvvədə qalacaq, sadəcə onlara müəyyən əlavələr ediləcək”.
Ekspertin fikrincə, həmin əlavələrin əsas mahiyyəti iki istiqaməti əhatə edir. Birincisi, sülh sazişi üçün beynəlxalq qarant mexanizminin yaradılmasıdır. Müxalifət burada əsasən BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan ABŞ, Rusiya və Çin kimi dövlətlərin iştirakını nəzərdə tutur.
İkinci istiqamət isə Qarabağ erməniləri məsələsinin müxtəlif formatlarda gündəmdə saxlanılmasıdır. Politoloq qeyd edib ki, müxalifət bu mövzunun həm beynəlxalq tərəfdaşlarla, həm də Azərbaycan tərəfi ilə müzakirəsini vacib hesab edir.
Fərhad Məmmədov hesab edir ki, hazırkı sorğular hakim Mülki Müqavilə Partiyasının seçkilərin favoriti olduğunu göstərsə də, Ermənistanda “Gümrü ssenarisi”nin təkrarlanması ehtimalı istisna deyil.
Politoloq xatırladıb ki, Gümrü şəhərində keçən il keçirilən bələdiyyə seçkilərində Paşinyan tərəfdarları ən çox səs toplasalar da, şəhəri təkbaşına idarə etmək üçün kifayət qədər mandat əldə edə bilməmişdilər. Nəticədə ikinci, üçüncü və dördüncü yerləri tutan siyasi qüvvələr bir araya gələrək koalisiya formalaşdırmışdılar.
“Hazırda müxalifətin əsas məqsədi də məhz bu modeli ölkə səviyyəsində təkrarlamaqdır. Yəni Paşinyan seçkidə birinci ola bilər, lakin digər siyasi qüvvələr birlikdə daha çox mandat əldə edərək hakimiyyəti formalaşdıra bilərlər”.
Politoloq vurğulayıb ki, Ermənistanın seçki qanunvericiliyi kifayət qədər mürəkkəbdir və seçici fəallığı nəticələrə birbaşa təsir göstərə bilər:
“Seçkilərdə iştirak faizi nə qədər aşağı olsa, bu, Paşinyanın xeyrinə işləyir. Əksinə, seçici fəallığı artdıqca Paşinyanın mövqeləri zəifləyə bilər”.
Aytəkin Əzizqızı
Telegram kanalımız