Xalq artisti Çingiz Abdullayevin adı ətrafında yaranan ajiotaj maraqlı müzakirələrlə yadda qaldı. Azərbaycanda və dünyada milyonlarla kitabı satılan, həmişə cəsarətli fikirləri ilə seçilən yazarın bir açıqlamasına görə “vətən xaini” elan edilməsi çoxsaylı suallar doğurdu.
Görəsən, insanlar başının üzərinə qaldırdığı adamı niyə birdən-birə yerə çırpır? Sosial şəbəkələrin söyüş platformasına çevrilməsinə səbəb nədir?
Mövzu ilə əlaqəli fikirlərini Yenisabah.az-la bölüşən Ümumrusiya Peşəkar Psixoterapiya Liqasinin həqiqi üzvü İlahə Dəmirbəy insanların sosial şəbəkələrdəki aqressiyasının səbəbini öz psixoloji durumları ilə əlaqələndirib: Dominos pizza
“İnsanların sosial mediadakı aqressiyası, tanımadıqları insan haqqında mənfi düşüncələri heç şübhəsiz ki, onların öz psixoloji durumları ilə əlaqəlidir. Bəzi media fenomenləri var ki, bu gün təhqir olunduqları insanlar tərəfindən vaxtilə sevilirdilər, hər gün onun paylaşımlarını bəyənərək izləyirdilər. Bəs niyə münasibət dəyişir? Fenomen gün-gündən tanınır, məhşurlaşır digər insan isə əslində onu bu mövqeyə gətirənin özü olduğunu unudaraq həyatda heç bir çətinlik, iztirab görməmiş birinin (təbii ki, tanımadığı üçün elə düşünür) niyə bu qədər populyar olduğuna qıcıq olur və öz sosial durumunun ağırlıqları, problemləri, maddi və ya mənəvi əksikliklərinin aqressiyasını tanımadığı, şəxsiyyətini bilmədiyi bir insana yönəldir. Bəs bu qədər asandırmı bunu etmək? Əlbəttə, çünki yazdığımız zaman bizim öz kimliyimiz, şəxsiyyətimiz, əslində necə biri olduğumuz görünmür”.
Psixoloq monitor arxasından təhqir yazanlar arasında saxta profillərin üstünlük təşkil etdiyini deyib:
“Əgər fikir versəniz daha çox təhqir və mənfi fikirlər yazan insanlar saxta profillər və ya fərqli adlarla bunu edirlər. Bu bir növ də qədim zamanlarda ordularda ən çox şiddət törədənlərin üzlərini maska, boya və s. ilə gizlədən insanlara bənzəyir. Yəni mən əslində yaxşıyam, pis olan maskanın üz tərəfidir. Yenə qeyd edirəm ki, bir insan əgər çevrəyə bu qədər aqressiyalı davranırsa demək ki, onu incidən, qıran, şəxsiyyətini alçaldan insanlara qarşı edə bilmədikləri müdafiəni, bir başa olaraq onlara cavab verə bilməyən kütləyə yönəldir. Cəmiyyəti dəyişmək istəyən insan əvvəla aynadakı “Mən” dən başlamalıdır. Və bildirmək istərdim ki, bəzən sosial media istifadəçiləri də insanları qıcıqlandıracaq paylaşımlara çox yol verir. Söhbət həyat tərzindən tutmuş öz dırnaqarası xoşbəxtliklərini insanlara sübut etməyə çalışan kütlədən gedir. Unutmayaq ki, əslində onlar da olmaq istədikləri həyatda özlərini təsəvvür edirlər, bir növ real mənlik və olmaq istədiyim mənlik arasında yarış aparırlar. Beləcə də insanlarin aqressiyasina tuş gəlirlər. Son olaraq demək istəyirəm ki, sevgi sevgini, şiddət şiddəti qucaqlayar”.
Əsmətxanım
Telegram kanalımız