“Son zamanlar Türkiyədəki müxalifət partiyalarının – CHP, İYİ Partiya və digər siyasi partiyaların daxilində böhran yaşanır. Eyni zamanda müxalifət partiyaları arasındakı münasibətlərdə soyuqluq özünü büruzə verir, hətta bəzi partiyalar arasında “soyuq savaş” gedir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı siyasi şərhçi Xaləddin İbrahimli deyib
Müsahibimiz bu ilin mart ayının 31-də Türkiyədə keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərində iqtidar və müxalifət partiyaları namizədlərinin qələbə qazanması ehtimalından söz açıb. pizza hut
Xatırladaq ki, bir çox analitiklər növbəti seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) böyük şəhərlərdə (İstanbul, Ankara, İzmir) qələbə qazanacağını iddia edirlər.
X. İbrahimlinin fikrincə isə belə bir durumda müxalifət partiyalarının martda keçirilməsi gözlənilən bələdiyyə seçkilərində ciddi uğurlar qazanacağı demək çətindir:
“Böyük ehtimalla, Ankara və İzmir xaric, – çünki İzmir CHP-nin qalasıdır – müxalifət böyük şəhərlərin əksəriyyətini bələdiyyə seçkilərində itirəcək. İstanbul kimi “açar” olan şəhərdə isə, məncə, hakim AKP qazanacaq. Lakin bu, sonuncu prezident seçkilərindən sonra AKP-nin reytinqini yüksəltməsi anlamına gəlmir, əksinə, seçkilərdən sonra müxalifət partiyaları daha da geriləyib”.
Analitikin qənaətinə görə, əgər AKP əsas şəhərləri götürsə, müxalifət partiyalarında böhran daha da dərinləşəcək:
“Çünki böhran bəlli bir müddət olur, dərinləşir və bunun nəticəsində siyasi partiyalar yenidən ayağa qalxmaq üçün güc toplayıb yeni mərhələyə başlayırlar. Fikrimcə, bələdiyyə seçkilərdən sonra bu böhran dərinləşəcək. Əgər müxalifət bundan minimal zərərlə çıxsa, növbəti prezident seçkilərinə qədər özünü toparlaya bilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız