Varlının balası səfir, kasıbın balası səfil... 

saytların hazırlanması

Evə çatdırılma

Varlının balası səfir, kasıbın balası səfil... 

Sosial

01 Mart 2024 14:02 2169


Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamaları bəzən onun özünə qarşı çevrilsə də, gənc nazir bacardığı qədər həqiqətləri deməkdən çəkinmir. Bəlkə də ölkəmizdə öz rəhbərlik etdiyi sahəni Əmrullayev qədər tənqid edən şəxs yoxdur. Biz ütülü sözlərə öyrənmişik, vəzifəli bir şəxs hamının bildiyi, lakin heç kimin dilə gətirmədiyi problemləri sadalayanda ona qarşı hörmətimiz azalır. Qeyri-ciddi adam kimi baxırıq. Və başqasına deməyə cürət etmədiyimiz sözləri böyük cəsarətlə həmin şəxsin ünvanına döşəyirik. Bu bizik, əvvəl də belə olub, indi də belədir. Gələcəkdə belə olmayacağına isə heç bur zəmanət yoxdur. 

Emin Əmrullayev ötən gün jurnalistlər qarşısında ciddi bir problem haqda danışıb. Bu məsələ hər il “beynəlxalq münasibətlər” ixtisasını bitirib məzun olan yüzlərlə vətəndaşımızın ürəyindən xəbər verir. Nazirin dediyi məsələnin alt qatlarında böyük haqsızlıqların gizləndiyini də demək artıq olar. 

Nazir bildirir ki, son illərdə Azərbaycanda beynəlxalq münasibətlər ixtisasına maraq kəskin azalıb. Bu peşəyə tələb azalıb. E.Əmrullayev bunun hələ həmin ixtisasın bağlanacağı olmadığını bildirir. Lakin ehtimal etmək olar ki, proses ona doğru gedir.  Toyuqlu pizza

Diplomat peşəsi dünya ən elitar peşə sayılır. Bəzən insanların fitri-istedadları onun diplomat kimi nəinki fəaliyyət görsərməsinə mane olur, hətta tamam başqa ixtisas sahiblərinin də diplomatiya sahəsində böyük uğurlar qazandığı faktlar az olmayıb. Lakin təhsil, ixtisasa yiyələnmək tamam başqa məsələdir. Beynəlxalq münasibətlər ixtisasında təhsil alan istənilən şəxsin həmin müddətdə xarakterində, davranışında, mədəniyyətində ciddi dəyişiklik baş verir. Təhsil müəssisələrində onlara ən incə diplomatik etiket qaydaları öyrədilir. 4 il bakalavr, 2 il magistratura müddətində beynəlxalq münasibətlər sistemində nə baş verdiyi haqda ən azı məlumatlı olur, bir az əmək sərf edəndə isə hazır mütəxəssisə çevrilir. 

Təhsil bitdi. Növbəti mərhələ başlayır. Məzun ən aşağıdan başlayıb diplomatiya sferasının uzun pilləkəni ilə öz bacarığının imkan verdiyi həddə qədər dırmanmalıdır. Lakin elə ilk cəhddən uğursuzluq onu geri çəkilməyə məcbur edir, özünə başqa iş axtarmağa başlayır. İllərin zəhməti, təhsili hədər gedib zay olur. 

Uzun illərdir bu, hər kəsin gözü qarşısında baş verir. Azərbaycanın diplomatik xidmət sahəsinə əksər hallarda yüksək vəzifəli məmurların övladları qəbul edilir. Digər şəxslərin həmin aləmə girişi məhduddur. Məmurlar öz uşaqlarını diplomatik pasportla, toxunulmazlıqla təmin edir. Onlara qanunun tələbinə uyğun olaraq heç kim gözün üstə qaşın var deyə bilmir. Həmin uşaqların ixtisası heç önəmli deyil. Savad, bacarıq rol oynamır. Onlar da aşağıdan başlayır əslində, amma əminəm: həmin məmur uşaqları gələcəyin səfirləridir... 

Azərbaycanın xaricdəki diplomatik korpuslarındakı əməkdaşların görəsən, neçə faizi beynəlxalq münasibətlər ixtisasının məzunudur? Görəsən, onların neçəsinin bu peşə haqda elementar bilikləri var? 

Qeyd edim ki, diplomatiya sahəsində çalışmaq üçün (söhbət qeyri-məmur uşaqlarından gedir) Azərbaycanda uzun müddət XİN-in idarələrində çalışmaq, təcrübə keçmək, müəyyən mərhələləri adlamaq tələb olunur. Uzun illər əvvəlin söhbətidir. Tanıdığım bir məzun xeyli müddət XİN-də həmin mərhələnin sonuna kimi irəlilədi, bütün rəqibləri bir-bir ələndi. Sonda qərar vermək zamanı gəldi. Bu zaman Vasif Talıbovun oğlu Rza Talıbov ortaya çıxdı və həmin şəxsin təyin olunacağı kiçik posta təyin olundu. Bütün ümidlər qırıldı. Və Əlvida diplomatiya! 

Diplomatiya ölkə üçün ən həssas istiqamətdir. Şair, yazıçı, məmur oğlu, məmur qızı, keçmiş nazir, icra başçısı diplomatik xidmətə təyinat alanda, əlbəttə ki, bu sahəyə maraq azalacaq, cənab nazir! 

Sonda bir məsələni də xüsusi vurğulamaq istəyirəm: Hazırda uğurlu fəaliyyət göstərən diplomatlarımızın hamısı bu sahə üzrə təhsil almış, peşəni həm nəzəri, həm də praktiki öyrənən şəxslərdir. Adbaad misallar çəkməyə gərək yoxdur. 

Mən beynəlxalq münasibətlər ixtisasını illər əvvəl bitirmişəm. Qrupumuzda 20-yə yaxın tələbə vardı. Həmin məzun tələbə yoldaşlarımızn hansınınsa öz ixtisası üzrə işlədiyi haqda heç bir məlumatım yoxdur. Çünki çoxu kasıb, imkansız ailələrin uşaqları idi. Azərbaycanda isə oyun qaydaları fərqlidir: Burada varlının balası səfir, kasıbın balası səfil olur.

İstisnalar qaydaları pozmur... 

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!