Ötən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları çərçivəsində Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin yurisdiksiyasının bərpa edilməsindən sonra dövlət başçısı İlham Əliyev Xankəndi və ətraf ərazilərə məcburi köçkünlərin geri qaytarılması ilə bağlı bəzi suallara aydınlıq gətirib.
“Böyük Qayıdış” çərçivəsində Qarabağın mərkəzinə köçün həyata keçirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların start götürməsi artıq Xankəndinin sadə həyata yenidən qayıdacağının işartılarını özündə ehtiva edir.
Ötən il Qarabağ Universitetinin yaradılması ilə bağlı Prezidentin ilham Əliyev tərəfindən verilən sərəncamı isə məhz Xankəndiyə köçün başlanğıcı saymaq olar. Dominos pizza
Yenisabah.az-la söhbətində Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə də söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatlarından sonra, demək olar ki, ölkənin bütün ərazisində Azərbaycan dövlətinin suverenliyi tamamilə bərpa edildi.
Millət vəkili əmindir ki, bu, hadisə Azərbaycan tarixində son dərəcə yadda qalan bir hadisə olub:
“Nəzərə almalıyıq ki, Azərbaycan dövləti məhz 1991-ci ildə müstəqilliyini əldə etməsindən sonra ilk dəfədir ki, ərazi bütövlüyü çərçivəsində suverenliyini bərpa etmiş olub. Bu hadisədən sonra Azərbaycan yeni bir mənzərə ilə qarşı-qarşıyadır. Bu mənzərə isə ondan ibarətdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru erməni işğalçılarından təmizləmişik və burada bərpa-quruculuq prosesləri sürətlə davam etməkdədir”.

Siyasətçinin fikrincə, müharibədən keçən 3 il müddətində Qarabağ və Şərqi Zəngəzura Azərbaycan vətəndaşlarının köçürülməsini, habelə onlar üçün orada normal şəraitin yaradılmasını gördükdə həqiqətən də etiraf etməliyik ki, Azərbaycan dövləti sözlə ifadə oluna bilməyəcək dərəcədə köç prosesini sürətlə həyata keçirməkdədir:
“Eyni zamanda 2022-2026-cı illərdə “Böyük Qayıdış”ın həyata keçirilməsi ilə bağlı dövlət proqramının qəbul edilməsi və onun bütün müddəalarının ilbəil yerinə yetirilməsi onu göstərir ki, Azərbaycan dövləti məcburi köçkün düşmüş vətəndaşları geri qaytarmaqla bağlı ciddi işlərə start verib”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Xankəndi şəhərinə vətəndaşlarımızın köçürülməsi və orada yaşaması ilə bağlı Prezident İlham Əliyev tərəfindən ciddi tapşırıqlar verilib:
“Eləcə də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin, Xocalı şəhər mərkəzinin, Xocalı şəhəri Malıbəyli kəndinin və Şuşa rayonunun Turşsu qəsəbəsinin bərpa edilməsi və buradan olan məcburi köçkünlərin geri qaytarılması ilə bağlı cənab Prezidentin artıq müvafiq sərəncamları mövcuddur. Həmin sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən vəsaitlər köçürülüb”.
M. Abbaszadyə görə, bu ərazilər içərisində cənab Prezidentin verdiyi anonslardan görürük ki, Xankəndinin də adı keçir:
“İlkin mərhələdə Xankəndidən 1988-1992-ci illərdə məcbur köçkün düşmüş, ermənilər tərəfindən evləri əlindən alınmış və qovulmuş vətəndaşlarımız öz ata-baba yurdlarına qaytarılacaq, onlar Xankəndidəki evlərində yaşamağa başlayacaqlar.

Həmçinin sentyabr ayında Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Artıq universitetdə ciddi təmir-bərpa prosesləri həyata keçirilir. Eyni zamanda 1000 tələbənin Qarabağ Universitetində oxuması nəzərdə tutulur ki, bu tələbələrin də qalması ilə bağlı dövlət tərəfindən bölgədə təmir-bərpa və quruculuq işləri davam etdirilir”.
Xankəndiyə köçürülməyə gəldikdə isə Milli Məclis üzvü əmin edib ki, bu, Qarabağa və Şərqi Zəngəzura Azərbaycan vətəndaşlarının köçürülməsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:
“Hesab edirəm ki, buradan məcburi köçkün düşən şəxslərin geri qayıtması, eyni zamanda Xankəndidə fəaliyyət göstərən şəxslərin xidməti evlərlə təmin olunması, digər tərəfdən isə Xankəndidə təhsilini qurtarıb orada yaşamaq istəyən gənclərə evlərin verilməsi məsələləri öz müsbət həllini tapdıqca, Xankəndi şəhərinə köçürüləcək əhalinin sayı da artacaq. Bundan sonra qarşımıza qoyduğumuz ən böyük məqsədə – Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonuna vətəndaşlarımızın daha rahat köçürülüb yaşamasını təmin edə biləcəyik”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız