YAP-da qurultay müəmması: “Partiyada fəaliyyəti olmayan adamlar var”

saytların hazırlanması

Evə çatdırılma

YAP-da qurultay müəmması: “Partiyada fəaliyyəti olmayan adamlar var”

Siyasət

22 Fevral 2021 14:06 1476


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Musayevin “Yeni Sabah”a müsahibəsi:

- Yeni Azərbaycan Partiyasının Qurultaya hazırlaşması ilə bağlı məlumat yayılıb, bu nə dərəcədə həqiqətə uyğundur?

- Siyasi Şuranın üzvü kimi mənim bu haqda məlumatım yoxdur. Bu haqda eşitməmişəm. Qurultayın keçirilməsi üçün gərək bütün rayon təşkilatlarında bizim konfranslarımız keçirilə. Bundan sonra rayon təşkilatlarından nümayəndələr göndərilməli, daha sonra qurultay baş tutmalıdır. Həmin konfranslar da heç bir rayon təşkilatlarında hələ ki, keçirilməyib. Qurultayın keçirilmə proseduru belə olur.  Dördpendirli pizza

- Sizcə, qurultay olmalıdırmı? Buna ehtiyac varmı?

- Bəli, qurultaya ehtiyac var. Çünki bizim nizamnamədə də göstərilir ki, iki ildən bir qurultay olmalıdır. Eyni zamanda son iki ildə Prezidentin keçirdiyi islahatlarla bərabər YAP-da da köklü islahatlara ehtiyac var. Mən bunu dəfələrlə yazmışam. Bu islahatları həm qurultayda, həm də Yeni Azərbaycan Partiyasının siyasi şurasını çağırıb həyata keçirmək olar. Çünki qurultay Siyasi Şuranı seçir, Siyasi Şura isə İdarə Heyətini, icra katibliyini və Nəzarət təftiş komisiyyasını seçir. Əgər qurultay olacaqsa, idarə heyətində də, Nəzarət təftiş komissiyasında da islahatlar olmalıdır. Lakin qurultayın yaxın zamanlarda keçiriləcəyi ilə bağlı bir məlumatım yoxdur. Belə bir fikir olarsa, yəqin ki, siyasi şuranın üzvlərinə bildirilər.

- Yayılan məlumatda bəzi adamların siyahısı verilərək həmin şəxslərin rəhbərlikdən uzaqlaşdırılacağı iddia edilir. Bu haqda nə düşünürsünüz?

- Siyasi şuranın 90 nəfər üzvü var. İdarə Heyətinin 20 üzvü var. Və siyahıya baxanda görürəm ki, 16 nəfərin idarə heyətindən uzaqlaşdırılacağı bildirilir. Mən belə bir şeyin olacağını düşünmürəm, çünki 20 nəfər üzvü olan idarə heyətindən 16 nəfərin uzaqlaşdırılması real görünmür. 2 nəfərin də siyasi şuradan uzaqlaşdırılacağı yazılıb. Bu yalnız siyasi şurada həll olunan məsələdir. Çünki rəhbər orqanı seçən məhz siyasi şuradır.

- Bu siyahıda adı çəkilən şəxslərin partiya fəaliyyətinə hər hansı töhfəsi varmı?

- Pandemiya ilə bağlı son bir ildə bizim partiyanın heç bir tədbiri keçirilməyib. İki dəfə onlayn şəkildə 44 günlük müharibə ilə bağlı və müharibədən əvvəl  partiyanın görüşü olub. O ki, qaldı başqa tədbirlərə son bir ildə heç bir iclas və tədbir keçirilməyib. Axırıncı dəfə YAP-ın siyasi şurası növbədənkənar parlament seçkiləri öncəsi cənab Prezidentin iştirakı ilə yığışıb. Orada da parlamentin buraxılmasına qərar verilib.

- Bəs həmin vaxta qədər sözügedən şəxslərin partiya daxilində fəaliyyəti olubmu?

- Təbii ki, həmin insanlar arasında partiyada fəaliyyəti olan və olmayan adamlar var. Son sözü isə qurultay, siyasi şura deməlidir. Amma mən dəfələrlə yazmışam ki, bir sıra dövlət qurumlarında, nazirliklərdə və başqa sahələrdə islahatlar olub və iqtidarda olan, 800 min üzvü olan partiyada da köklü islahatlara ehtiyac var. Hər zaman bu təşəbbüsü irəli sürmüşəm.

- YAP-ın qurultayı onlayn şəkildə keçirilə bilərmi?

- Xeyr. Mənim fikrimcə, siyasi şura onlayn şəkildə yığışa bilər, amma qurultay bu qaydada keçirilə bilməz.  Qurultayın keçirilməsi üçün bütün rayon təşkilatlarından nümayəndələr verilməlidir, bizimsə 800 minə yaxın üzvümüz var. Ona görə qurultayın onlayn keçiriləcəyinə inanmıram. Siyasi şura onlayn iclas keçirə, idarə heyətində, icra katibliyində dəyişiklik edə bilər. Mən düşünürəm ki, nəzarət-təftiş komissiyası ilə siyasi şura yığışıb böyük bir zalda ara məsafəsi saxlamaqla iclas keçirib struktur, kadr dəyişikliyi və islahatlar apara bilər. Amma hazırkı vəziyyətdə qurultayın keçirilməsi mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!