YAP onları intizarda saxlayıb: Qoy ürəkləri partlasın!

saytların hazırlanması

Evə çatdırılma

YAP onları intizarda saxlayıb: Qoy ürəkləri partlasın!

Sosial

09 İyul 2024 15:12 1226


Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Əvvəllər sentyabrın 1-ni birinci sinfə gedəcək uşaqlar həyəcanla gözləyirdilər. Eyni həyəcan indi də var. Amma uşaqlar deyil, vəzifəni, yüksək məqamı özü üçün nəfəs qədər əhəmiyyətli sayan adamlar keçirir bu hissi. Aralarında kişi də var, qadın da. Hətta baba, nənə olanlar da var. Neçə gündür əlləri göydə qalıb. Nəvə-nəticələrinə arzulamalı olduqlarını özlərinə arzulayırlar...

Görəsən, seçkilərin məhz sentyabrın 1-nə təyin olunmasında hansısa mesajlar varmı?! 

Dərsə gedən bir uşaq... pizza sifarişi

Yeni Azərbaycan Partiyası özünün namizədlər siyahısının asçıqlanmasını yubatmaqla onların narahatlıqlarını lap tavana qaldırıb. Bütün qurumlarda, siyasi kuluarlarda hər kəs qulaqlarını və gözlərini dörd açıb gözləyir. Ürəkləri çox möhkəmdir, bu qədər həyəcana rəğmən hələ infarkt keçirən olmayıb. Siyahı açıqlanandan sonra kimlərin komaya düşəcəyi haqda indidən ehtimallar irəli sürmək olar, amma nəyimə lazımdır. Qoy armud vaxtında yetişsin. Onsuz da öz dibinə düşəcək. Hamı da görəcək... 

İndi başqa işlərin vaxtıdır. Özünü o müqəddəs siyahıda görmək istəyənlər bütün variantları işə salıblar. Döymədikləri qapı qalmayıb. Girmədikləri göz yoxdur. Öpmədikləri əlləri öpməyə fürsət axtarırlar. Məktub-məktub dalınca. Dəxli oldu-olmadı, ən fərqli dövlət idarələrinə məktublar yazırlar. Bərəkət haqqı, onlar heç sevgililərinə bu qədər məktub yazmayıblar. Heç sevgililərinin gözünə girmək üçün bu qədər romantik cümlələr işlətməyiblər. Eşq nəyə qadir deyil ki?! 

O qədər xidmət sadalayırlar ki, adamın əli üzündə qalır. Baxırsan ki, kürsüdə olduğu müddətdə oğlunu, qızını, qohum-əqrəbasını ən yüksək vəzifələrə təyin etdirib. Amma deyir ki, mən bu dövlətə qarşılıqsız xidmət etmişəm. 

Pir, ziyarətgah qapılarının petləsi yerindən qopub. Dualar, cadular, daha nələr... 

Xidmətlərini sayıb o qədər minnət qoyurlar ki... Sonuncu cümlələri isə “ölkə rəhbərliyi haranı məsləhət görsə, orada da olmağa hazıram” olur. Bəs o zaman bu boyda “sevgi məktubu”na nə ehtiyac var, ağıllı insan? Bir az vəzifəsiz, kreslosuz qalsan nə olacaq ki? Məncə, nə olacağının ən yaxşısını özü bilir. 

Əslində bu müqəddəs siyahı nə qədər gec açıqlansa o qədər maraqlı olar. Görək, nəfəslərini nə qədər tuta biləcəklər. 

Bütün hallarda hərislik çox pis bir hisdir. Vəzifə hərisliyi isə lap pisidir. Vəzifə hərislərinin bu siyahılardan kənardan qalmasını arzulayıram. Qoy ürəkləri partlasın!

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!