ABŞ-ın məşhur “Stratfor” agentliyi Azərbaycan və Ermənistan arasında münasibətlərə dair proqnoz dərc edib. Qeyd olunan proqnozda hər iki ölkə arasında 2024-cü ilin ilk 6 ayına qədər yekun sülh müqaviləsi olmazsa, Zəngəzur istiqamətində yenidən müharibənin baş verə biləcəyi deyilir.
Bu proqnoza əsas kimi, Azərbaycan və Ermənistan arasında hələ də həllini tapmayan sərhəd delimitasiyası, anklavların taleyi və Naxçıvanla quru yolunun açılmaması kimi faktorlar diqqətə çatdırılıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev sözügedən proqnozun real göründüyünü qeyd edib. pizza
“Düşünürəm ki, bu proqnozun doğruluq ehtimalı çox böyükdür. Çünki Ermənistan üzərinə götürdüyü öhdəliyi 3 ildən çoxdur ki, yerinə yetirmir. Həmin öhdəliklərin əksər hissəsini Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında həyata keçirdiyi anti-terror əməliyyatları ilə təmin etdi. Lakin yenə də birgə bəyanatda qeyd olunan, Azərbaycanın Naxçıvanla ikitərəfli və maneəsiz hərəkətini təmin edən yolun açılmasına dair bənd belə desək, ölü nöqtədən tərpənməyib. Digər tərəfdən, Azərbaycanın 8 kəndi hələ də Ermənistan işğalı altındadır. Belə olan halda Azərbaycan təbii ki, sonsuza qədər Ermənistan tərəfinin prosesləri ləngitməsinə səssiz qala bilməyəcək. Sülh sazişi imzalanmasa, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, proseslərə məğlub tərəf kimi öz töhfəsini verməsə təbii olaraq Azərbaycanın səbr kasasını daşıracaq. Bu daha əvvəllər də belə olub. Biz ölkə başçısının son çıxışlarında da bu mesajların yumşaq bir şəkildə səsləndiyinin şahidi olduq”.
Ekspert Azərbaycan və Ermənistan arasında həll olunmayan bir çox məsələnin bu ilin sonuna qədər tam həllini tapacağını deyib:
"Ya Ermənistan ya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, ya da bu öhdəlikləri Azərbaycan öz imkanları hesabına və birtərəfli qaydada həyata keçirəcək. Amma heç bir halda bu proeseslər 2025-ci ilə qalmayacaq. Düşünürəm ki, sərhəddə delimitasiya məsələsi uzun prosesdir və davam edən fazada olacaq. Digərləri üzrə isə real faliyyətlər və razılıqlar həyata keçiriləcək”.
Nazim Hacıyev
Telegram kanalımız