Ali məktəblərimizin xarici universitetlərlə əlaqələri 

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərimizin xarici universitetlərlə əlaqələri 

Sosial

06 Dekabr 2024 13:22 432


Azərbaycanda universitet mədəniyyəti olduqca köklü ənənələrə malikdir. 1919-cu ilin 1 sentyabrında fəaliyyətə başlamış Bakı Dövlət Universiteti təkcə ölkəmizdə deyil, bütün Qafqaz məkanında ilk ali təhsil müəssisəsi kimi tarixə düşüb. 

Sonralar sovet hakimiyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitet i (1921), Azərbaycan Tibb Universiteti (1930), Azərbaycan Texniki Universiteti (1950) və digər ali təhsil müəssisələri fəaliyyətə başlayaraq, ölkədə müxtəlif ixtisaslarla bağlı savadlı kadrlar hazırlanmasına öz töhfələrini verdi. 

Müstəqilliyin bərpasından sonra isə Bakıda və digər şəhərlərdə özəl universitetlər yaranmağa başladı. 90-cı illərdən başlayaraq, yerli universitetlərin bir çoxu xaricdəki məşhur və aparıcı ali təhsil müəssisələri ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə başladı. Müxtəlif mübadilə proqramları hesabına çox sayda tələbə Avropanın və ABŞ-ın dünyaca məşhur universitetlərində ali təhsil almaq şansı əldə etdi.  Toyuqlu pizza

Eyni zamanda bir çox xarici ölkələrin gəncləri də təhsil üçün Azərbaycan universitetlərinə üz tutmağa başladı. Hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və “Xəzər” Universiteti və digər ali təhsil müəssisələri dərs prosesi, dərsliklər və metodiki mövzularda xarici universitetlərlə təcrübə mübadiləsi etməkdədir. Sözsüz ki, bu kimi əməkdaşlıqlar Azərbaycan təhsilinin inkişafı üçün olduqca vacib və əhəmiyyətli addımlardır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, yerli universitetlərin xaricdəki ali məktəblərlə bir çox sahələrdə əməkdaşlığı təhsilin inkişafına ciddi töhfə verməkdədir:

“Bu gün Azərbaycan universitetlərinin dünya universitetləri ilə əməkdaşlıq etməsi çox önəmlidir. Bu birmənalı olaraq, əlaqələrimizin inkişafına və təcrübə mübadiləsinin artmasına öz ciddi töhfələrini verən bir məsələdir. Biz bunu praktikada və reallıqda açıq şəkildə görürük. Qeyd etdiyimiz kimi, bu da bizim üçün çox geniş imkanlar yaradır. Universitetlərin reytinqlərini ölçmək üçün müəyyən meyarlar var. 

Bu meyarlar əsasında universitetlərin beynəlxalq standartlara uyğunluğu  və reytinqi müəyyən edilir. Bura bir çox məsələlər, o cümlədən, universitetlərin tədqiqatları, alimlərin fəaliyyəti, məzunların işlə təminatı, xarici tələbələrin təhsil alması, yataqxana və s. aiddir. Məhz bu kimi nüanslar əsasında qiymətləndirmələr aparılır və standartlar onun əsasında ölçülür”. 

Millət vəkili qeyd edib ki, ölkə təhsilinin beynəlxalq standartlara gəlib çatması üçün universitetlərin qarşısında bir sıra önəmli vəzifə var:

“Yəni bu gün bizim universitetlərimizin də başında duran əsas vəzifə tədqiqatyönümlü fəaliyyətə üstünlük verilməsi, əcnəbi tələbələrin cəlb edilməsi, yataqxana təminatı, alimlərin elmi tədqiqatlara davamlı olaraq təşvil edilməsidir. Digər tərəfdən, tələbələrin məzun olduqdan sonra işlə təmin olunması üçün addımların atılmasıdır. 

Biz bunları etdiyimiz təqdirdə, həyata keçirdiyimiz halda həmin uğurlara nail ola bilərik. Eyni zamanda bura universitetlərdə təhsilin keyfiyyəti, proqram və dərsliklər, tələbələrin bilik və bacarıqları da aiddir. Bütün bunlar inkişaf prosesinə təsir göstərən amillərdir. Müxtəlif alimlərin, əcnəbi tədqiqatçıların, mütəxəssislərin də bu prosesə cəlb edilməsi ilə müəyyən işlərin görülməsi və layihələrin həyata keçirilməsi ümumilikdə prosesə çox ciddi, önəmli töhfə verə bilər”.

Təhsil eksperti Kamran Əsədov universitetlərarası elmi-tədqiqat fəaliyyətlərinin önəmindən bəhs edib:

“Xarici universitetlərlə əməkdaşlıq üçün bir neçə istiqamət var. Bura tələbə qəbulu, ali təhsil müəssisələrinin birgə elmi-tədqiqat işlərinin aparılması və digər əlaqələr daxildir. 

Azərbaycan elmi-tədqiqat fəaliyyətləri təəssüf ki, zəifdir və bu mövzuda dünya universitetləri ilə qarşılıqlı əməkdaşlıq olduqca faydalıdır. Digər tərəfdən xarici ölkələrin ali təhsil müəssisələrindən tələbə mübadiləsi də universitetlərin beynəlxalq reytinqinə müsbət təsir göstərir. 

Daha çox tələbənin cəlb edilməsi üçün həmin tələbələrin ana dillərində tədrisin təşkili çox vacibdir. Universitetlər bu kimi məsələlərlə bağlı lazımi addımlar atmalıdır. Biz mütləq şəkildə elmi konfranslar keçirməli, bu tədbirlərə məşhur alimlər dəvət olunmalıdır. Məhz bu ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığına, reytinqinə və keyfiyyətinə öz müsbət təsirini göstərəcəkdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!