“Məni efirlərə buraxmırlar deyə, uzun müddətdir ki, ekrana çıxmıram. Bilmirəm bu qadağalar haradan necə gəlib, amma məni heç yerə buraxmırlar...”
Bu sözləri Yenisabah.az-a tanınmış stilist Samiraldo (Samir Əliyev) deyib. Stilist son günlər böyük müzakirələrə səbəb olan Anar Vəziroğlu və Şəfiqə Nağıyeva qalmaqalından da danışıb:
“Anar Vəziroğlu ilə vəkil Şəfiqə Nağıyevanın canlı efirdə yaşadığı qalmaqalı izlədim. Mən də uzun illər ərzində belə qalmaqallı verilişlərə dəvət almışam. Sadəcə mənim səviyyəm, mədəniyyətim elə imkan yaradırdı ki, hər bir insanla öz dilində danışırdım. Anar Vəziroğlu ilə də iki dəfə eyni verilişə dəvət almışam. Həmin insanı o verilişlərdə necə yerində oturtmuşamsa, ondan sonra özü məni görəndə efirə gəlmirdi. Bir dəfə məni verilişə dəvət etmişdilər. Anar Vəziroğlu başladı mənim abrımdan, mədəniyyətimdən danışmağa, qayıdıb dedim ki, siz abırlı geyinib özlərini abırsız aparanlardan qorxun. O insan səviyyəsiz, ağzının danışığını bilməyən biridir. Bu yaşında başı gedib. Belə insanları qətiyyən efirə buraxmaq olmaz. Nə olsun fəlsəfə doktorudur? Elə alimlər tanıyıram ki, yaş gedəndən sonra baş da gedib. Onlar o qədər ağıllıdırlar ki, başları gedir. Mən heç kəsi təhqir etmirəm”.
O, vəkil Şəfiqə Nağıyevanın özünü müdafiə edə bilmədiyini bildirib:
“Şəfiqə Nağıyeva həmişə düzünü danışan insandır, amma emosiyalarına hakim ola bilmir, özünü müdafiə edə bilmir. Baxmayaraq ki, özü vəkildir, minlərlə insanı müdafiə edib, lakin özünü müdafiə edə bilməyib. Mən onun yerinə olsaydım, dilimlə Anar Vəziroğluya elə söz deyərdim ki, o durub verilişdən gedərdi. Şəfiqə xanım özünü müdafiə etməyib, qarşısındakı da onu zəif bilib deyə götürüb suyu üstünə atıb. İndi bir-birinə su atmaq dəbdədir.
Mənim bütün kanallarda qadağada olmağım bəlkə də elə Allahın işidir, çünki bu gün verilişlər həddindən artıq səviyyəsiz, mədəniyyətsiz olub. Hərdən mənim haqqımda danışırlar ki, Samiraldo elədir-belədir, bunu efirə buraxmaq olmaz, cəmiyyət üçün pis nümunədir və s.
İnanın ki, aparıcılardan tutmuş, müğənnilərə, ekspertlərə kimi hamı özünü efirdə yalandan elə aparır ki, guya tər-təmizdirlər, elə bil hamamın yanında böyüyüblər. Amma reallığa baxsan, araşdırsan onlardan min dənə Samiraldo çıxar. Hamı bilir ki, mənim yaratdığım bir obrazdır. Mən hər zaman öz yerimi, danışığımı bilən, etikanı gözləyən biriyəm. Mən nə isə “quş” buraxanda jurnalistə 10 dəfə zəng edirəm ki, filan hissəni efirə verməyin. Yəni dediyim odur ki, mən nə isə deyəndə dəfələrlə düşünürəm ki, birdən cəmiyyət məni səhv başa düşər. Amma bu gün efirlərdə olanlar bunu düşünmürlər”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız