Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross dünən sosial şəbəkələr vasitəsiylə müraciət ünvanlayıb. Mətn əsasən müsbət ruhda yazılıb, keçmişdən müsbət misallar gətirilib, oxşarlıqlar vurğulanmağa çalışılıb.
Fransa-Azərbaycan münasibətlərinin doğurdan da müsbət nümunələrlə dolu maraqlı keçmişi və güclü potensialı var. Amma cənab səfirin müraciətində problemlərə (heç olmasa səthi formada) toxunulsaydı və onların həlli yolları ümumi şəkildə də olsa qeyd edilsəydi, eləcə də tez-tez təkrarlanan bəzi səhvlərə yer verilməsəydi müraciət daha səmimi və faydalı olardı.
Məsələn, başlayaq “Prezident Fransua Mitteran 1991-ci ildə yeni Azərbaycanı tanıyan ilk dövlət başçıları sırasında idi” cümləsindən. Fransanın Azərbaycandakı səfirliyinin saytında da yer alan, Fransa rəsmilərinin Azərbaycanla münasibətlər barədə tez-tez işlətdikləri “Azərbaycanı ilk tanıyan dövlətlərdən biri olmaq” (bəzən hətta “Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğu”) iddiası kifayət qədər qüsurludur. Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb (1991-ci ildə deyil). Fransa hətta Azərbaycanın müstəqilliyini tanıyan ilk 30 dövlət arasında da deyil. Doğrusu budur ki, Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olmuşdur. pizza mizza
Təbii ki, Azərbaycan-Fransa münasibətlərində bundan başqa dəyərli misallar çoxdur. Ümumiyyətlə Azərbaycan müstəqilliyinə yenidən qovuşanda Fransa Azərbaycan cəmiyyətində müsbət imicə malik olan dövlətlərdən biri idi. Bunda Azərbaycan ədəbiyyatında və incəsənətində Fransa ilə bağlı müsbət məqamların (Aleksandr Düma, “Müsyö Jordan”, “fransız xalqı kef eləyir” və s.) daha ön planda olmasının, tarixdə hansısa xüsusi mənfi bir məqamın olmamasının rolu böyük idi. Fransa deyiləndə Azərbaycanlıların ağlına Fransa inqilabı və onun dəyərləri, Napolyon Bonapart, Şarl de Qoll, Əhmədiyyə Cəbrayılov (“Armed Mişel”), Fransız mədəniyyəti, Azərbaycan Xalq Cümhuriyyəti mirası ilə bağlı xatirələr və s. gəlirdi.
1993-cü ildən etibarən Azərbaycan Respublikasının prezidentləri seçildikdən sonrakı ilk rəsmi səfərlərini Fransaya edirdilər (Heydər Əliyev 1993 və 1998-ci il seçkilərindən sonra, İlham Əliyev 2003-cü ildəki seçkidən sonra belə edib). Enerji layihələrinə Fransanın cəlb olunması, Minsk Qrupunun həmsədrliyinə məhz Fransanın israrından sonra Azərbaycanın razılıq verməsi, Azərbaycan parlamentində Fransa ilə dostluq qrupuna məhz ölkənin birinci xanımının (hazırkı 1-ci vitse-prezident Mehriban Əliyevanın) rəhbərlik etməsi Fransa ilə münasibətlərə verilən önəmdən qaynaqlanırdı. Heydər Əliyev vaxtı ilə Fransız senatorlarla görüşündə De Qollun xarici siyasət xəttinə önəm verdiyini xüsusi qeyd etmişdi və Azərbaycanda təxminən balanslaşdırılmış xarici siyasət kursunun mərkəzinə məhz Fransanı yerləşdirmişdi.
Bəs Fransa nə etdi? Müəyyən mərhələdə müsbət addımlar atmağa çalışdı. Məsələn, 1997-2001-ci illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin həllinə töhfə verməyə çalışdı. Hətta 1997-ci ildə az qala Ermənistanı mərhələli həllə razı salmışdı. Eyni şəkildə 2001-ci ildə də İrandakı keçmiş səfiri Minsk Qrupuna həmsədr təyin edərək həll prosesini sürətləndirməyə çalışmışdılar.
Amma getdikcə Fransanın digər xarakteri ön plana çıxmağa başladı. Fransa qəbul etdiyi qanunlar və qərarlarla azadlığı boğan ölkə, beynəlxalq hüququn əsas prinsiplərini çeynəyən ölkə kimi görünməyə başladı. Məsələn, “uydurma soyqırım iddialarını qəbul etməyənlərə həbs cəzasını” (fərqli düşünənlərin cəzalandırılmasını) nəzərdə tutan qanun qəbul edilmişdi.
44 günlük müharibə zamanı Fransa Senatındakı səsvermədə Azərbaycanın ərazi bütövlüyünün lehinə sadəcə 1 senator səs vermişdi və 305 senatorun səsiylə Azərbaycanın ərazi bütövlüyünün əleyhinə qətnamə qəbul edilmişdi.
Ümumiyyətlə Fransanın erməni məsələsi ilə bağlı siyasətindən tam aydın görünmür ki, bu ölkə “erməni kartı”ndan istifadə etməyə çalışır, yoxsa erməni lobbisinin əsirinə çevrilib.
Digər bir problemli məqam isə Fransanın son illərdəki bəzi prezidentlərinin Fransanın tarixi dəyərlərinə, ənənələrinə, xüsusilə də De Qolun xarici siyasət prinsiplərinə xəyanət edərcəsinə addımlar atmağa çalışmaları olmuşdur. Azərbaycan öz ərazilərini Ermənistan işğalından azad etməyə çalışarkən Fransa prezidenti və Fransa parlamentinin üzvlərinin böyük əksəriyyəti özlərini azad Fransanın qurucusu Qe Qollun deyil, işğalçılarla əməkdaşlıq edən Filipp Petenin davamçıları kimi aparırdılar...
Cənab səfir haqlıdır. Azərbaycan-Fransa münasibətləri inkişaf etdirilməli, Azərbaycan-Ermənistan münasibətləri qaydasına salınmalıdır. Amma bunun üçün keçmişdəki səhvlər də düzgün təhlil edilməli, onlardan dərs çıxarılmalı, beynəlxalq hüququn əsas prinsiplərinə, mehriban qonşuluğun bazasını təşkil edəcək dəyərlərə sədaqət nümayiş etdirilməli, uydurma iddialar (o cümlədən, uydurma “soyqırım” iddiaları) kənardan qızışdırılmamalıdır.
Azərbaycan əvvəlki kimi düzgün mövqedə durub. Son 10 illikdə və xüsusilə 2020-ci ildə səhv mövqeyə keçən Fransa oldu. Əlbəttə ki, münasibətlərin inkişafı üçün bütün tərəflər addım atmalıdır. Amma xüsusilə mövqeyi beynəlxalq hüquqa və regionun reallıqlarına uyğun olmayan, münasibətlərə zərər verən tərəf daha çox addım atmalıdır. Təbii ki, ilk növbədə verdiyi zərərləri ortadan qaldırmağa çalışaraq...
Araz Aslanlı,
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM-ın) sədri
Telegram kanalımız