Azərbaycanlı həkim: O, İranın dərdinə dərman tapa biləcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı həkim: O, İranın dərdinə dərman tapa biləcəkmi?

Dünya

13 İyun 2024 17:15 1056


İranda iyunun 28-də keçiriləcək prezident seçkiləri ərəfəsində Məsud Pezeşkian diqqəti özünə ən çox cəlb edən namizəddir. O, islahatçı cinahın təmsilçiləri ilə yanaşı, bu siyasi cərəyana mənsub seçici kütləsini də cazibəsinə qatmaq niyyətindədir.

Pezeşkianın prezident seçkilərinə buraxılması haradasa möcüzə sayıla bilər. Çünki Nəzarətçilər Şurasının təsdiqlədiyi altılıqda o, yeganə mötədil (miyanaçı) siyasətçidir.

Məsud Pezeşkian haqqında nə məlumdur? pizza

O, 1954-cü il sentyabrın 29-da (hicri-şəmsi təqvimlə 7 Mehr 1333-cü il) Qərbi Azərbaycan vilayətinin Məhabad şəhərində anadan olub. Pezeşkianın valideynləri və bacı-qardaşları barədə ətraflı məlumat yoxdur. Məsudun atası əslən urmiyalı azəri-türk, familiyasındakı farsca “pezeşk” – “həkim” sözü də, güman ki, atasının peşəsinə işarədir. Anası isə yerli kürddür. 

Ata peşəsini irs almış Pezeşkian da tibb təhsili alıb və bu sahəyə olan maraq onu hərbi xidmətdən qayıtdıqdan sonra, 22 yaşında Təbriz Tibb Elmləri Universitetinə yönəldib. Daha sonralar o, həmin universitetdə fiziologiya müəllimi kimi dərs deməyə başlayıb və ümumi cərrahiyyə üzrə ixtisasını genişləndirib. Məsud Pezeşkian İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə mütəxəssis dərəcəsi almağa müvəffəq olub və diplomu aldıqdan sonra Təbrizdəki Şəhid Mədəni Ürək Xəstəxanasında işə düzəlib, bir müddət sonra isə tibb mərkəzinin rəhbəri olub.

Məsud Pezeşkianın 4 uşağından biri, ginekoloq olan arvadı ilə birlikdə avtomobil qəzasında ölüb, hazırda 1 qızı və 2 oğlu var, habelə özü ikinci dəfə nikaha girməyib. Zəhra, Yusif və Mehdi ataları kimi tibb təhsili almayıb, kimya, fizika və elektrik sahələrində təhsillərini davam etdiriblər.

DİN-dəki Seçki Qərargahında namizədlik sənədlərini təqdim edərkən Pezeşkian rəsmi quruma qızı ilə birgə gəlib. Özünün dediyinə görə, Zəhra Şərif Universitetində neft-kimya üzrə magistr dərəcəsi alıb və “Jam” şirkətində işləyir.

Əksər şəxslər kimi onun da siyasətə gəlişi İslam inqilabı və İran-İraq müharibəsindən sonra baş verib. Səhiyyə və Tibbi Təhsil Nazirliyinin müavin postundan sonra Məsud Pezeşkian Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə naziri olub. Bundan başqa, İslami Şura Məclisində (parlament) səkkizinci, doqquzuncu, onuncu, on birinci və on ikinci çağırışlarda Təbriz əhalisini təmsil edib. Parlamentin 10-cu çağırışında sədrin birinci müavini seçilib.

Prezident seçkilərində gücünü ilk dəfə 10 il əvvəl sınayıb, Daxili İşlər Nazirliyinə müraciət edib, lakin sonra namizədliyini geri götürüb. 2021-ci ildə isə Nəzarətçilər Şurası onun namizədliyini təsdiqləməyib.

Məsud Pezeşkian mötədil (miyanaçı) hesab olunsa da, onu bəzi çıxışlarına görə separatçı, hətta populist hesab edənlər də az deyil. Bununla belə, adı Qərb mediasında tez-tez görünən analitik Səid Leylaz Pezeşkianı islahatçı cinah üçün gözlənilməz və qaçırılmaz fürsət sayır. Bəzi rəy sorğularına əsasən, Pezeşkian seçkilərdə 3-cü yeri indidən təmin edib. Amma islahatçı qanadda ifrat rəydə olanlar seçki keçirilməzdən əvvəl bu namizədin ayaqları altda qırmızı xalı sərirlər. “Sazəndegi” nəşrində Məhəmməd Quçani yazır:

“Məsud Pezeşkian həm əlitəmiz siyasətçi, zəhmətkeş və bəlağətli natiq, həm kürd anasının qucağında böyümüş, həm təbrizlilərin vəkili olmuş, həm islahat hökumətinin (Xatəmi administrasiyası - red.) naziri, həm də mövcud parlamentdə xalqın ən görkəmli mötədil (miyanaçı) nümayəndəsidir”.

Bu səciyyədən sonra o qeyd edir: “...Məsud Pezeşkianın etməli olduğu ən mühüm şey etnik təhlillərdən, hətta böhtanlardan milli strategiyaya keçməkdir. 

Azərbaycan ta Səfəvi dövründən Məşrutə dövrünə, İslam İnqilabından İslam Respublikasına qədər həmişə İranın “başı”nda durub. Məhz Təbriz torpağından Müqəddəs Müdafiə Hökumətinin başçısı mühəndis Mirhüseyn Musəvi ortaya çıxdı. Rəhbərlik, prezident və baş nazir səviyyəsində İslam Respublikası üçün Azərbaycan liderlərinin olması həmişə İranın milli birliyinin möhkəmlənməsinə səbəb olub və federalizm kimi saxta nəzəriyyələrə Təbriz məktəbində yer yoxdur. 

Təbriz Səfəvi Şah İsmayıl dövründən bəri İranın ikinci paytaxtı hesab olunur, Azərbaycan isə İranın canıdır. İranın vəliəhdləri, ənənəvi olaraq, Təbrizdə taxtda oturub, bu şəhər həmişə müasirləşmə və inkişafın qapısı olub.

İndi Nəzarətçilər Şurası islahatçı və mötədil olan Azərbaycandan İrana bir açılış edib...”

Əziz Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!