Donald Trampdan ABŞ prezidenti postunu təhvil alacaq olan Cozef Bayden Prezident Administrasiyasındakı vəzifə təyinatlarında ermənilərə xüsusi yer verir. Belə ki, o, bir müddət əvvəl Ayk Hacınazaryanı Ağ Evin regional rabitə şöbəsinin müdiri təyin edib. İki gün öncə isə Ceff Marutyanın administrasiyada təmsil olunacağını açıqlayıb. ABŞ Prezident Administrasiyasında ermənilərin vəzifəyə gətirilməsi gələcəkdə Vaşinqton-Bakı münasibətlərinə hansısa formada təsir edə bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-da erməni və yunan lobbisi birləşərək ermənilərin vəzifələrə təyin olunmasında mühüm rol oynayır:
“ABŞ-da 600 minə yaxın erməni var. Onlar siyasətdə, seçki kampaniyalarında daha fəal iştirak edirlər. Baydenin ermənipərəstliyi çoxdan bəllidir. O, erməniləri müdafiə etmək məqsədilə hələ 1992-ci ildə qəbul edilmiş “Azadlığı Müdafiə Aktı”na düzəliş edilməsi üçün konqresdə məsələ qaldırıb. Vitse-prezident olanda da Ermənistana humanitar yardım adı altında böyük maliyyə yardımlarının göstərilməsində böyük rol oynayıb”. Marqarita pizza
Baydenin Azərbaycanla bağlı siyasətinə gəldikdə isə politoloq qeyd edib ki, ABŞ hələ öz problemlərini həll etməlidir:
“Tramp daxildəki qarşıdurma vətəndaş müharibəsi həddinə çatmış bir ölkə miras qoyub gedir. Bununla yanaşı Ermənistan kasıb və problemlər içərisində çabalayan bir ölkədir. Ona görə də ona müəyyən maliyyə yardımı edirlər. Azərbaycanın isə nə maliyyə yardımına, nə də ABŞ-ın hansısa dəstəyinə ehtiyacı var. Əslində, Azərbaycan özü dünya siyasətinə, beynəlxalq münasibətlərə fəal təsir etməyi bacaran siyasi oyunçuya çevrilib. İndi Azərbaycan Qoşulmama Hərəkatının rəhbəridir. Bundan başqa bir sıra beynəlxalq təşəbbüslərin müəllifidir. Avropanın neft və qaz təchizatında önəmli rol oynayır. Azərbaycan bölgənin təkcə enerji dəhlizi deyil, həm də logistika, nəqliyyat dəhlizidir. Ona görə də ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə maraqlı olmalıdır. Çünki regionda bir sıra problemlərin həlli bilavasitə Azərbaycanın davranışlarından və müsbət mövqeyindən xeyli dərəcədə asılıdır. Artıq Azərbaycan qonşu ölkələr və eləcə də Avropa dövlətləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək qayğısına qalacaq, hətta hazırda da inkişaf etdirir. Azərbaycan bu gün şahə qalxmış köhlən at kimidir. Bunun müqabilində bütün dövlətlər Azərbaycana rəğbətlə yanaşır. Belə olan halda Amerika dünya jandarmı rolunda deyil ki, Azərbaycan ondan ehtiyatlansın. Əslində, ABŞ-ın Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı var. Bu saat dünyanın bir çox ölkələri Azərbaycanla əlaqələrin qurulmasına can atır. Zənnimcə, Bayden də Azərbaycanla münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün səylər göstərəcək”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız