Bəhram Bağırzadə Nüsrətlə görüşündən danışdı: “Bundan sonra ağıllı olacaq”

Bəhram Bağırzadə Nüsrətlə görüşündən danışdı: “Bundan sonra ağıllı olacaq”

Şou

05 Dekabr 2022 17:01 2665


Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadənin Yenisabah.az-a müsahibəsi: 

- Bəhram bəy, bu yaxınlarda futbol üzrə dünya çempionatını izləmək üçün Qətərə yolandınız. Təssüratlarınız necə oldu?

- Birinci təəssüratım aviaşirkətlərlə bağlıdır, bir daha əmin oldum ki, dünyanın ən super aviaşirkəti məhz Azərbaycanın AZAL şirkətidir. Digərlərini tərifləyirlər, mən də onlarla uçmuşam, amma AZAL nömrə birdir. Həm pilotları, həm stüardessaları, həm də digər iççiləri tam peşəkardırlar. Mən çox sevinirəm ki, belə bir şirkətimiz var.

- Sizcə, nə vaxtsa Azərbaycan dünya çempionatına ev sahibliyi edə bilərmi?

- Əgər biz dünya çempionatını keçirsəydik, Qətərdən də gözəl keçirə bilərdik. Çünki biz buna hazırıq. Bizim könüllülərdən tutmuş, Olimpiya Komitəsinin prezidentinə kimi hər kəs buna qadirdir. Biz minimal xərclərlə bunu həyata keçirə bilərdik. Tək Azərbaycan üçün bu bəlkə də çətin olar, amma qonşularımız normal olsaydı onlarla birgə dünya tarixində ilk dəfə olaraq üç ölkədə - Bakı, Tiflis və İrəvanda dünya çempionatı keçirilə birlərdi. Əgər qonşularımızın başları işləsəydi bunu etmək mümkün olardı.

- Bəs siz 32 ölkədən hansına azarkeşlik edirsiniz?

- Həmişə demişəm, deyirəm, deyəcəyəm də, mən ancaq Azərbaycan millisinə azarkeşlik edirəm. Amma dünya çempionatına da baxdım, şou idi, çox xoşuma gəldi. Rejissor olduğum üçün məni birinci növbədə təşkilatçılıq maraqlandırırdı. O da ən yüksək səviyyədə idi.

- Qətərdə məşhur aşpaz Nüsret Gökçenin restoranında oldunuz, onunla video paylaşdınız, amma bu görüntülər birmənalı qarşılanmadı. Onunla bir araya gəlməyinizə səbəb nə idi?

- Açığı, heç bilmirdim ki, o restoran kimindir, heç o adamı tanımırdım. Mənə biletləri hədiyyə etmişdilər, biz 90 nəfər uçmuşduq, şirkət bizə demişdi ki, Nüsrət adında restoratorun yanına gedəcəyik. O, əli ilə duz səpmə hərəkəti ilə məşhur imiş. Mən də getdim, həmin restorandan görüntüləri də sosial şəbəkə hesabımda paylaşdım. Sonradan bildim ki, sən demə, o müharibə vaxtı bizə dəstək verməyibmiş. Əgər bunu bilsəydim, onu başqa cür təqdim edərdim. Oldu, keçdi, bu da mənim bilməzliyimdən oldu. Amma hər bir halda mən ona Azərbaycan sözünü dedirtdim, bundan sonra ağıllı olar və bilər ki, kiminlə necə danışmaq lazımdır.

- Nüsretin restoranları bahalı menyusu ilə daim diqqət mərkəzindədir. Siz orada nahar üçün nə qədər xərclədiniz?

- Restoranın qiymətlərilə bağlı həqiqətən məlumatım yoxdur. Bu yaxınlarda 50 illik yubileyim oldu, dostlarım vauçer hədiyyə etdi. Hədiyyəyə gediş-dönüş bileti və restoran daxil idi. Əgər özümə qalsa idi, ömründə nəinki o restorana, heç dünya çempionatını izləməyə də getməzdim. Orada cəmi 6-7 saat oldum. Hələ indiyə kimi özümə gələ bilməmişəm. 3 saatlıq uçuş oldu. Sadəcə dostlarım hədiyyə etmişdi deyə getdim, əgər getməsəm bu hörmətsizlik olardı. İndi başa düşürəm ki, 50 yaşında başqa ölkələrə getmək çətindir. Əvəllər KVN-lə Amerikaya 24 saat uçmuşam, amma indi - 25 il sonra görürəm ki, çətin olur. Yaş öz sözünü deyir. Allah bizə qismət eləsin ki, gələcəkdə gedib Azərbaycan yığmasına azarkeşlik edək. Azərbaycanlı Nüsrət dünya çempionatında aşpazlıq etsin və bütün dünyadan azarkeşləri məhz biz ölkə olaraq qəbul edək.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!