İzmir şəhərində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan şəxslərin axtarışları davam edir. Son məlumata görə, hadisə nəticəsində 1 026 nəfər yaralanıb, 105 nəfər isə həyatını itirib. Sayın çoxluğuna baxmayaraq, zəlzələ yaşanan zaman çəkilən videogörüntülərə baxdıqda Türkiyədə insanların zəlzələyə müəyyən qədər hazırlıqlı olduğu müşahidə edirik. Belə ki, əksəriyyət dərhal təhlükəli yerdən uzaqlaşmağa və ya masa altın girərək təhlükəsizliyini təmin etməyə cəhd edir. Həmçinin bir çoxları özlərini itirməyərək yanlarında olan digər şəxslərə də yardım etməyə çalışırlar.
Maraqlıdır, Azərbaycan cəmiyyəti də bu kimi ekstremal vəziyyətlərə hazırdırmı?
Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan sosioloq-alim Əhməd Qəşəmoğlu qeyd edib ki, bu sahədə mütləq maarifləndirici tədbirlər görülməlidir: Pepperoni pizza
“Yaponiyada sunami olanda dünyanı ən çox heyrətləndirən şeylərdən biri də o idi ki, yapon xalqı o sunamiyə qarşı ayıq başla, sakit şəkildə reaksiya verdi, insanlar özlərini itirmədilər, bacardıqlarını etdilər. Bunun özü gözəl bir mədəniyyət nümunəsidir. Ona görə də artıq bütün ölkələrdə, o cümlədən Azərbaycanda bu məsələlərə diqqət etmək lazımdır. Çünki çox təəssüf ki, dünyanın elə bir inkişaf mərhələsidir ki, xoşagəlməz hadisələr təbii və ya qeyri-təbii çoxalır. Biz bu məsələlərə çox diqqət etməliyik. İstənilən xarici şirkətə işə girən zaman sizə 1-2 gün təhlükəsiz davranış qaydalarını öyrədirlər. Ondan sonra şirkətdə işə başlaya bilirsiniz. Dünyanın hər yerində təhlükəsizlik tədbirləri deyilən bir məsələ var. Ona hər zaman diqqət yüksək səviyyədə olmalıdır. İndi bizdə də nə vaxtsa zəlzələ ola bilər. Məsələn, Şamaxıda ötən əsrdə çox ciddi zəlzələ qeydə alınıb. Azərbaycanda bir neçə il əvvəl təxminən 5.2 bal gücündə zəlzələ olmuşdu. Yəni bu hər vaxt ola bilər”.
Mütəxəssis bildirib ki, fövqəladə vəziyyət zamanı insanlar həyəcanlananda itki daha çox olur:
“İnsanlar ayıq başla düşünəndə daha çox xilasedici tədbirlər görə bilirlər. Həm özlərini, həm ətrafdakıları xilas etmə şansları olur. Aləm bir-birinə qarışanda çox adam ayaq altında qalır. Ona görə biz orta məktəblərdən başlayaraq bu hadisələr zamanı nələr edilməli olduğunu öyrətməliyik. Bununla bağlı sadəcə mühazirə oxumaq yox, həm də treyninqlər keçmək lazımdır. Bu haqda çoxlu videoçarxlara baxmaq, xüsusi təlimatlar hazırlamaq olar. Bizim ən çatışmayan cəhətlərimizdən biri əhalinin özünü apara bilməməsidir. Sağlamlıq mədəniyyəti deyilən bir şey var. Əhali buna hələ indiki-koronavirusun geniş yayıldığı bir vaxtda riayət eləmir. Mən dəfələrlə müsahibə vermişəm ki, əhalin davranışını tənzimləməsə, biz koronavirusa qalib gələ bilmərik. Biz hələ bu virus dövründə necə davranmaq lazım olduğu ilə bağlı çoxlu maarifləndirici işlər görməliyik, qaldı ki, digər sahələr...”
Həmsöhbətimizin sözlərinə görə, maarifləndirmə dedikdə çoxları 30-40 il bundan qabaqkı metodlar barədə düşünürlər. İndi o metodlarla maarifləndirməni həyata keçirmək mümkün deyil:
“İndiki dövrün öz metodları işlənməlidir. Elmi əsaslarla, əhalinin psixologiyası nəzərə alınaraq maarifləndirmə aparılmaldır. Yoxsa əvvəlki kimi avtobus dayanacaqlarına bir-iki elan vurmaqla maarifləndirmə mümkün deyil. Azərbaycan cəmiyyəti təəssüf ki, ekstremal vəziyyətə hazır deyil. Bu sahədə heç lazımlı işlər görülmür, onların tətbiqinə ehtiyac var”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız