Fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərinin nəticələrinə əsasən, namizədlərdən üçü 1 faizdən az səs toplayıb. Bu, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev (0.80 faiz), Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev (0.66 faiz) və müstəqil namizəd Fuad Əliyevdir (0.53 faiz).
Cəmiyyətdə və sosial şəbəkələrdə 3 namizədin bu cür aşağı faizlə səs toplaması müzakirələrə və tənqidlərə səbəb olub. Bir çoxları 1 faizdən aşağı səs toplayan namizədin, ümumiyyətlə, seçkiyə qatılmamalı olduğunu deyib. Digərləri təbliğat-təşviqat prosesinin həddən artıq zəif aparıldığını vurğulayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı həm hazırki prezident İlham Əliyevin reputasiyasının çox yüksək olmasının, həm də namizədlərin təbliğat-təşviqat işinin zəif aparılmasının səbəblər arasında olduğunu qeyd edib. Pepperoni pizza
O bildirib: “Bu sualı həmin namizədlərin özündən soruşmaq daha uyğun olar. Çünki onlar nəticələri yaxşı-pis daha dəqiq analiz edir. Amma görünən odur ki, bu məsələdə hər iki faktorun təsiri vardı. Həm Qarabağdakı qələbə fonunda rəqib çox güclü idi, həm də 23 gün təbliğat-təşviqat işləri üçün çox azdır.
Namizədlər bu müddət ərzində təbliğat-təşviqat aparmaq üçün fürsət və imkanlardan yetərincə istifadə etmədilər. Hər halda, heç olmazsa 1 faizi keçə biləcək qədər təbliğat-təşviqat aparmaq olardı. Məsələn, hansısa açıq hava mitinqi və yaxud küçə yürüşü, heç olmasa kiçik bir konsert tədbiri görə bilmədik. Bunlar təbliğat-təşviqat üçün önəmli faktordur. Digər tərəfdən, namizədlərin əksəriyyəti sosial şəbəkələrdən də düzgün istifadə edə bilmədi.
Hazırkı prezident İlham Əliyevin reputasiyasının yetərincə yüksək olması və namizədlərin kifayət qədər təbliğat aparmaması nəticələrdə özünü göstərdi”.
Tural Abbaslı namizədlərə tutulan iradlarla razılaşmadığını bildirib:
“Təbii ki, hər bir namizəd seçkinin müxtəlif mərhələlərini analiz etməlidir. İmza toplama, təbliğat-təşviqat müddətinin və seçki günün öz mahiyyəti var. Seçki bu 3 mərhələdən ibarət geniş bir prosesdir. Bu proseslərin yerində və effektiv olması üçün 5-6 min insanın bir araya gətirilməsi lazımdır.
Mən hələ maliyyə xərclərindən danışmıram. Əlbəttə, hər namizəd seçkilərdə mütləq qələbə qazanmaq üçün qatılmır. Müxtəlif səbəblər ola bilər. Məsələn, partiyasını, özünü tanıda bilər, növbəti seçkilər üçün platformaya hazırlaya bilər, öz platforması və fikirlərini əhaliyə çatdırıb elektoratını aramaq məqsədi ola bilər.
Buna görə də, əslində, kimisə topladığı nəticələrə görə qınamaq düzgün olmaz. Hər bir namizədin hədəfi müxtəlifdir.
Seçki lotereya kimidir, əhalinin səsinin son məqamda hansı namizədə gedəcəyini əvvəlcədən hesablamaq mümkün deyil”.
Nazim Hacıyev
Telegram kanalımız