“Rəhbərlik edəcəyiniz sahələrə mən daim böyük diqqət göstərmişəm, bu gün də göstərirəm. Son illərdə bu sahələr uğurla inkişaf edib. Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi”.
“Yeni Sabah” xəbər verir ki, bunu president İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
İ. Əliyev bildirib ki, görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. pizza hut
“Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi.
Əlbəttə ki, nəqliyyat infrastrukturuna qoyulan vəsait bu yeni vəziyyəti yaratmışdır. Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik.
Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində önəmli layihələr icra edildi, dəmir yollarımızın reabilitasiyası layihələri icra olundu. Bakı dairəvi dəmir yolu inşa edildi və bu, sərnişin daşımaları, insanların rahatlığı üçün çox önəmli hadisədir. Müxtəlif şəhərlərdə dəmir yolu vağzalı inşa edildi.
Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Bizim tərəfdaşlarımız hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Qeyd etməliyəm ki, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır. Çünki bizim imkanlarımız genişlənib. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə istismara verilmiş Bakı gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal olunur və biz bu istehsalı hər il artırırıq. Hazırda zavodda tankerlər, Ro-Ro gəmiləri və yük gəmiləri istehsal olunur. Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə iş yeri açmışıq və neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün də imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər.
Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Birincisi, biz limanı Bakı şəhərindən çıxardıq. Bu, Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərmişdir, eyni zamanda, yeni istirahət zonası yaradılıb. Ələtdə ən müasir dəniz ticarət limanının işə düşməsi bizim imkanlarımızı böyük dərəcədə artırıbdır.
Hava nəqliyyatına gəldikdə, təkcə onu demək kifayətdir ki, bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir. Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır. MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək.
Bir sözlə, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət, bax, bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur. Digər sahələrə gəldikdə, burada da müsbət dinamika, tərəqqi var. Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”.
Telegram kanalımız