Son vaxtlar Ermənistan mətbuatında Azərbaycanın işğal altında olan anklav kəndlərinin qaytarılması ilə bağlı xəbərlər öz əksini tapır. Ermənistanın bəzi rəsmi dairələri və siyasətçilər bu kəndlərin yaxın vaxtlarda Azərbaycana təhvil veriləcəyi ilə bağlı bəyanatlarla çıxış edirlər.
Son olaraq bu barədə Ermənistanın "Aprelu Yerkir” Partiyasının sədri Mesrop Arakelyan danışıb. O deyib ki, tezliklə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndləri Azərbaycana təhvil veriləcək. Arakelyan xatırladıb ki, Ermənistan sözügedən 4 kəndi, eləcə də Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki anklavlarını isə Azərbaycan ərazisi kimi tanıyıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı bildirib ki, Ermənistan son vaxtlar anklav kəndlərlə bağlı məsələni diqqətdə saxlayır: pizza
“Ermənistan tərəfi anklav kəndlərlə bağlı məsələni diqqət mərkəzində saxlayır. Mediada bu məsələ tez-tez müzakirə olunur. Amma məsələ daha dərindir. Çünki məlum olduğu kimi, Ermənistan post-sovet məkanında qəbul olunan prinsipdən imtina edib. Yəni SSRİ dağılan zaman hansı dövlətin adminstrativ sərhədləri var idisə, beynəlxalq sərhədlər kimi tanınmalıydı. Demək olar ki, Ermənistan xaricində bütün dövlətlər bunu rəsmi olaraq qəbul edib. Ermənistan qanunvericiliyində isə bu məsələ tamam fərqli şəkildə öz əksini tapıb. Baş naziri Nikol Paşinyan 1975-ci il xəritələrinin əsas götürülməsi ilə bağlı bəyanatlar verib”.
Tofiq Zülfüqarlı qeyd edib ki, 8 anklav kənd məsələnin hələ çox cüzi tərəfidir:
“Qazaxın 7 kəndi və Kərki məsələnin kiçik hissəsidir. Çünki Azərbaycanın ixtiyarı var ki, əgər SSRİ dağılan dövrdə qəbul olunmuş prinsip işləmirsə, o zaman hansısa ilə aid xəritəni əsas götürsün. Biz niyə görə sovet işğalı dövründə Azərbaycanın sərhədləri ilə bağlı prinsipi irəli sürməyək? Həmin dövrdə Ermənistan dövləti deyil, Ararat respublikası mövcud idi. Bu respublikanın ərazisi indiki Ermənistan iddia etdiyi ərazilərdən 3 dəfə daha kiçik olub. Bu baxımdan 8 kəndin deyil, bəlkə də 333 kəndin məsələsi müzakirə obyektinə çevirilə bilər. Ermənistan tərəfinin 8 kəndin qaytarılması ilə bağlı açıqlamalar verməsi onu göstərir ki, SSRİ-nin dağılması dövründə qəbul olunmuş xəritələri artıq qəbul edir. Amma bir şeyi başa düşmək lazımdır ki, ərazi münaqişəsini başlayan Ermənistandır. İndi isə bu məsələni məhz Ermənistan gündəmə gətirir. Növbəti mərhələdə işğal altında olan 8 kəndin aqibəti həll olunacaq”.
Nazim Hacıyev
Telegram kanalımız