Qondarma rejimin başçısı Arayik Harutyunyan Dağlıq Qarabağda rus dilini rəsmi dil elan edib. Buna dair qanunvericilikdə dəyişikliklər layihəsi “DQR” parlamentinin saytında yerləşdirilib.
Məsələyə münasibət bildirən Azərbaycan millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, separatçı rejimin başçısına törətdiyi əməllərə görə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrı ilə cinayət işi açılacaq:
“Bu, tamamilə qanunsuzdur, o başdanxarab terrorçu cinayət məsuliyyəti daşıyır. Çünki hər addımbaşı qanunsuzluğa və cinayətə yol verir. Bu da növbəti addımlardan biridir. Onun sözügedən təklif və niyyəti həyata keçən deyil. Çünki Rusiyanın özü də Dağlıq Qarabağ da daxil olmaqla vaxtilə işğala məruz qalmış torpaqların hamısının Azərbaycanın ərazisi olduğunu Prezidenti səviyyəsində etiraf edib. Bu baxımdan qondarma rejimin başçısının söyləmiş olduğu fikirlər heç bir hüquqi əsasa malik deyil”. pizza mizza
Millət vəkili bildirib ki, Harutyunyanın bu addımı qıcıqlandırmaq mahiyyəti daşıyır: “Əzilmiş, məğlub olmuş bir etnosun isterikasından irəli gələn sayıqlamalardır və həyata keçirilməsi mümkün deyil. Ona görə də biz bu cür təkliflərə əhəmiyyət verməli deyilik.
Amma təbii ki, ona reaksiyalar olmalıdır. 2021-ci il ərzində biz bütövlükdə ermənilərin kompakt yaşadığı yerlərdə belə Azərbaycan qanunlarının tətbiq edilməsinin şahidi olacağıq. Azərbaycanın suverenliyi bu torpaqlarda da tamamilə öz həllini tapacaq. Bayrağımız orada qaldırılacaq, həmin ərazilər idarəçilik baxımından Azərbaycanın ərazisinə daxil ediləcək. Harutyunyan kimilər isə ya döyüş meydanında terrorçu olaraq məhv ediləcək, ya da Azərbaycan qanunları çərçivəsində Azərbaycanın həbsxanalarından birində ömürlük cəza çəkib çürüyəcəkdir. Onu da istisna etmirəm ki, vəziyyətin ağırlığını görən Harutyunyan bir gün bu və ya digər ölkədə özünə əbədi sığınacaq tapmağa çalışacaqdır. Lakin Azərbaycan hüquq mühafizə orqanları tərəfindən o, Azərbaycana gətirilərək cinayət işlərinə görə cavab verəcək.
Bütövlükdə, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Artıq Dağlıq, Aran Qarabağı yoxdur. İndi ermənilərin bir az kompakt yaşadığı ərazi var. Ora Azərbaycan torpaqlarıdır. Bu məsələ artıq bitib, cənab Prezident artıq məsələnin həllinə nida işarəsini qoyubdur”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız