Türkiyədə Cümhuriyyət Xalq Partiyasında (CHP) keçmiş sədri Özgür Özel və onu dəstəkləyən 90 millət vəkili (ümumən 91) “Yeni Partiya” yaratmaq qərarına gəlib.
“Baş verənləri CHP-nin tamamilə süqutu kimi qiymətləndirmək düzgün deyil”.
Bunu “Yeni Sabah”a politoloq Nazim Cəfərov bildirib. Sezar pizza
Onun sözlərinə görə, söhbət yalnız partiyanın bölünməsindən gedir:
“CHP hüquqi statusunu, dövlət tərəfindən verilən maliyyə dəstəyini, parlamentdəki mövqeyini və Türkiyə İş Bankasındakı paylarını qoruyub saxlayır. Ayrılan qrup isə yeni siyasi partiya formalaşdıracaq".
Nazim Cəfərov qeyd edib ki, CHP-nin hazırkı üstünlükləri növbəti parlament seçkilərinədək qüvvədə qalacaq. Bundan sonrakı mərhələdə isə partiyanın əldə edəcəyi səs faizi həlledici olacaq:
“Əgər partiya 7 faizlik seçki həddini keçə bilməsə, dövlət maliyyə dəstəyini itirə bilər. Bununla belə, əvvəldən malik olduğu bəzi hüquq və imtiyazlar, o cümlədən Türkiyə İş Bankasındakı payları və digər hüquqları qüvvədə qalacaq.
Parçalanma təkcə rəhbərlik səviyyəsində deyil, seçici bazasında da özünü göstərəcək.
Necə ki, partiyanın idarəetməsi və təşkilati strukturu bölünüb, eyni proses elektoratda da yaşana bilər. Bunun hansı miqyasda olacağını isə yalnız zaman və seçkilər göstərəcək”.
Nazim Cəfərov bildirib ki, artıq parçalanmanın ilk nəticələri də görünməkdədir. Onun sözlərinə görə, CHP-də 44 millət vəkili qalır və bu göstərici ilə partiya parlamentdə beşinci sıraya geriləyir. Yeni yaradılacaq siyasi qüvvənin isə 91 millət vəkili ilə ikinci ən böyük fraksiyaya çevrilərək ana müxalifət statusunu əldə etməsi gözlənilir.
Ekspert vurğulayıb ki, bunun nəticəsində CHP parlamentdə ana müxalifət partiyasına məxsus bəzi hüquqları, o cümlədən vitse-spiker postunu itirə bilər. Bu isə partiyanın həm təşkilati, həm parlament, həm də ictimai-siyasi təsir imkanlarının zəifləməsi deməkdir.
Nazim Cəfərov əlavə edib ki, bəzi iddialara görə, CHP üzvləri arasında da istefalar başlayıb:
“Partiyanın təxminən 1 milyon 800 min üzvü var. Məlumatlara görə, artıq 150-200 min üzv istefa verərək yeni partiyaya keçib. Bu tendensiya davam edərsə, CHP-nin siyasi gücünə mənfi təsir göstərə bilər".
Ekspertin fikrincə, CHP rəhbərliyi hazırda parçalanmanın daha da dərinləşməsinin qarşısını almağa çalışır. Onun sözlərinə görə, Kemal Kılıçdaroğlu və komandası həm partiya təşkilatlarında, həm də bələdiyyə rəhbərləri arasında birliyin qorunmasına yönəlmiş mesajlar verir:
“Yaxın aylarda CHP-də qurultaya hazırlıq prosesi başlayacaq və bu proses partiyadaxili rəqabəti daha da gücləndirə bilər. Kılıçdaroğlunun komandasının daxilində də fərqli mövqelərin olduğunu, bunun isə yeni daxili siyasi mübarizələrə səbəb ola biləcəyini istisna etməyib”.
Yeni partiyanın 91 nəfərlə yaradılması və bunun Azərbaycandakı tarixi "91-lər" hərəkatı ilə müqayisəsinə də münasibət bildirən siyasi şərhçi bu oxşarlığın daha çox təsadüfi xarakter daşıdığını deyib.
“Yeni Partiya”nın gələcəkdə hakimiyyətə gəlməsi ehtimalını indidən söyləmək mümkün deyil. Türkiyə siyasətində əsas partiyadan ayrılıb yeni siyasi qüvvə yaratmaq təcrübəsi çox olub. Uğurlu nümunələr də var, uğursuz nümunələr də. Demokrat Partiyası, AK Partiya kimi uğurlu örnəklər mövcuddur. Amma seçkilərdə uğur qazana bilməyən partiyalar da az olmayıb.
“91-lər”in partiyanın taleyini onun komandası, proqramı, təşkilatlanması və ölkədə seçki dövründə formalaşacaq siyasi şərait müəyyən edəcək. Hazırkı vəziyyətlə davam ediləcəyi təqdirdə yeni partiyanın böyük uğur qazanması çətin görünür”.
Bununla belə, o, Mansur Yavaşın liderliyi ətrafında geniş müxalifət koalisiyası formalaşdırılacağı halda müəyyən uğur ehtimalının yarana biləcəyini də istisna etməyib.
Aytəkin Əzizqızı
Telegram kanalımız