Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdən sonra qonşu ölkədə yanacaq qıtlığı və qiymət artımı ciddi iqtisadi fəsadlar törətməyə başlayıb. Bu durum ölkədə ümumi daxili qiymətlərin sürətlə yüksəlməsinə yol açır.
“Yeni Sabah” Fed.az-a istinadən bildirir ki, “Bloomberg Intelligence”in iqtisadi analitiki Ekaterina Vlasovanın proqnozuna əsasən, iyulun 10-da açıqlanacaq rəsmi hesabatda Rusiyada illik inflyasiyanın (istehlak qiymətləri indeksi) may ayındakı 5,3%-dən 6,0%-ə yüksəldiyi məlum olacaq.
Analitik qeyd edir ki, təkcə iyun ayında qiymətlərin 0,85% artacağı gözlənilir ki, bu da son 14 ilin iyun ayları üçün ən yüksək aylıq tempdir. Pepperoni pizza
İnflyasiya sıçrayışının arxasında dayanan əsas amillər bunlardır:
Yanacaq şoku: İyun ayında Rusiyada benzinin qiyməti təxminən 7% bahalaşıb. Zavodların sıradan çıxması səbəbindən yaranan bu qıtlıq aylıq inflyasiyanı birbaşa 0,3 faiz bəndi artırıb.
Milli valyutanın dəyərdən düşməsi: Neftin ucuzlaşması fonunda iyunun ortalarından etibarən rubl zəifləməyə başlayıb. Bu isə yaz aylarında müşahidə olunan nisbi sabitliyi və qiymət azalması (dezinflyasiya) effektini tamamilə sıfırlayıb.
Mütəxəssislərin fikrincə, yanacaq böhranı təklif çatışmazlığından qaynaqlansa da, o, əhalinin və biznesin gələcək inflyasiya gözləntilərini mənfi yönümdə hərəkətə gətirib. Mövcud riskləri Rusiya Mərkəzi Bankı da təsdiqləyir.
Yaranan bu gərgin iqtisadi mənzərə və büdcə xərclərinin artması fonunda, tənzimləyici qurumun sərt pul-kredit siyasətini davam etdirəcəyi və yaxın dövrdə faiz dərəcələrini aşağı salmaq imkanlarından məhrum olacağı vurğulanır.
Telegram kanalımız