Bakının küləyi illərdir şəhərin vizit kartlarından biri hesab olunur. Bir tərəfdən yayın qızmar istisində sərinlik gətirən Xəzri, digər tərəfdən isə havaya qalxan toz, qum və müxtəlif allergenlərlə birlikdə göz sağlamlığı üçün əlavə risk yaradır. Xüsusilə son günlər proqnozlaşdırılan güclü külək fonunda oftalmoloqlar xəbərdarlıq edirlər ki, bəzi sadə görünən vərdişlər gözlərdə qızartı, quruluq və hətta iltihaba səbəb ola bilər.
“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, küləkli hava zamanı gözün səthini qoruyan göz yaşı təbəqəsi daha sürətlə buxarlanır. Nəticədə gözlərdə yanma, batma hissi, qaşınma, sulanma və bulanıq görmə kimi şikayətlər yarana bilər. Risk xüsusilə kontakt linza istifadəçilərində, allergiyası olan şəxslərdə və gün ərzində uzun müddət kompüter qarşısında çalışan insanlarda daha yüksək olur.
Külək niyə gözlərə zərər verir? pizza mizza
Güclü külək təkcə havanı hərəkətə gətirmir. O, atmosferdə olan toz hissəciklərini, bitki tozcuqlarını və digər allergenləri də yayaraq onların birbaşa göz səthinə düşməsinə səbəb olur. Bundan əlavə, davamlı hava axını göz yaşının tez qurumasına gətirib çıxarır. Bu isə gözün təbii müdafiəsini zəiflədir və infeksiya riskini artırır.
Ən çox edilən səhvlər
Oftalmoloqlar bildirirlər ki, insanlar narahatlıq hiss etdikdə instinktiv olaraq gözlərini ovuşdururlar. Halbuki bu, buynuz qişada xırda cızıqlar yarada və vəziyyəti daha da ağırlaşdıra bilər. Digər geniş yayılmış səhv isə küçədə kontakt linzalarla uzun müddət qalmaqdır. Küləklə birlikdə gələn toz hissəcikləri linzanın altına daxil olaraq göz səthini qıcıqlandıra bilər.
Kontakt linza istifadəçiləri nələrə diqqət etməlidir?
Mütəxəssislər güclü külək olan günlərdə imkan daxilində eynəkdən istifadəyə üstünlük verilməsini tövsiyə edirlər. Əgər kontakt linza taxmaq zəruridirsə:
Linzaları tövsiyə olunan müddətdən artıq istifadə etməyin.
Gözlərdə yanma və ya batma hissi yaranarsa, linzanı çıxarın.
Süni göz yaşı damcılarından yalnız həkimin məsləhəti ilə istifadə edin.
Çirkli əllərlə gözə və linzaya toxunmayın.
Moskvanın "Vidnoye Klinik" Xəstəxanasının oftalmoloqu Dinara Sadıkova bildirib ki, “quru göz” sindromu ciddi qəbul edilməlidir. Onun sözlərinə görə, uzun müddət fasiləsiz telefon və kompüter ekranına baxmaq göz yaşının azalmasına səbəb olur, küləkli hava isə bu prosesi daha da sürətləndirir. Həkim hər 20 dəqiqədən bir qısa fasilə verməyi və gözləri nəmləndirmək üçün həkim tövsiyəsi ilə uyğun vasitələrdən istifadə etməyi məsləhət görür.
Gözləri necə qorumaq olar?
Həkim aşağıdakı tövsiyələrə əməl etməyi vacib sayıb:
Güclü külək zamanı qoruyucu və ya gün eynəyindən istifadə edin;
Gözləri ovuşdurmayın;
Kontakt linzalarla açıq havada uzun müddət qalmayın;
Gün ərzində kifayət qədər su qəbul edin;
Gözlərdə güclü ağrı, davamlı qızartı və ya görmədə dəyişiklik yaranarsa, mütləq oftalmoloqa müraciət edin.
Bakıda tez-tez müşahidə olunan güclü küləklər yay istisini nisbətən yüngülləşdirsə də, göz sağlamlığı baxımından ehtiyatlı davranmaq vacibdir. Sadə qoruyucu tədbirlər həm quru göz sindromunun, həm də allergik qıcıqlanmanın qarşısını almağa kömək edə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız